close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Zərifə Əliyeva – 100” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub

27-04-2023

Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır.

Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı daycest hazırlanıb.

Təqdim olunan daycestdə (“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) görkəmli alim ilə bağlı 2019-2023-cü  illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunmuşdur. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir. Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Z.Eliyeva100.pdf linkindən istifadə edə bilərlər.