close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva” adlı ənənəvi kitab sərgisinin açılışı olub

28-04-2023

Aprelin 28-də Milli Kitabxanada Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və  Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva” adlı ənənəvi kitab sərgisinin açılışı olub.

Tədbir zamanı bildirilib ki, Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib, ən ağır, mürəkkəb əməliyyatlar aparıb, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu.

Qeyd edilib ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Ulu Öndər Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Zərifə xanımın ən gözəl xidmətlərindən biri İlham Əliyev kimi böyük bir insanı, bütün dünyada tanınan siyasətçini Azərbaycan xalqına bəxş etməyi olub.

Tədbir çərçivəsində “Qaranlığa nur saçan zəka – Zərifə Əliyeva” adlı geniş kitab sərgisinin açılışı olub. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

icon

Foto qalereya