close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan və qırğız ziyalılarının görüşü olub

26-04-2024

Ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində aprelin 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri" mövzusunda dəyirmi masa təşkil olunub.

Azərbaycan tərəfdən mədəniyyət nazirinin müavini Murad Hüseynovun, Qırğızıstan tərəfdən mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliyevin moderatorluğu ilə gerçəkləşən görüşdə iki ölkənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Söhbət zamanı iki ölkənin milli kitabxanaları arasında kitab mübadiləsi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Qırğız Diplomatlar Birliyinin sədri Janıl Tumenbayeva bildirib ki, qloballaşma çağında türk xalqları mədəniyyətini, milli dəyərlərini qorumaqla özünü dünyaya təbliğ etməlidir. O həmçinin Qırğızıstanda çoxsaylı azərbaycanlının yaşadığını və onların diaspor təşkilatının uğurla fəaliyyət göstərdiyini bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışıb. Bildirib ki, Heydər Əliyev 1995-ci ildə Bişkekdə “Manas” eposunun minillik yubileyində çıxışı zamanı türksoylu xalqları birliyə səsləyib və bu gün Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.

Çingiz Aytmatov Fondunun rəhbəri Eldar Aytmatov atasının Azərbaycana bağlığından, buradakı dostları ilə münasibətlərindən danışıb, xatirələrini bölüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, akademiklər Kamal Abdulla, Nizami Cəfərov, tarixçi-alim, diplomat Həsən Həsənov çıxışlarında “Manas” dastanının Azərbaycan xalqına “Dədə Qorqud” eposu qədər doğma olduğunu vurğulayıblar.

Qırğızıstan Milli Tarix Muzeyinin direktoru Jıldız Bakanova, T.Satılqanov adına Qırğızıstan Dövlət Filarmoniyasının direktoru Xalq artisti Kırqızbay Osmonev, Qırğızıstan Milli Konservatoriyasının rektoru Muratbek Beqaliyev, Dövlət dili və dil siyasəti Milli Komissiyasının sədri Melis Murataliyev və Qırğız Respublikası Qəhrəmanı Medetkan Şerimkulov çıxış edərək türk xalqları ədəbiyyatı və mədəniyyətinin qarşılıqlı təbliğinin ölkələrimizin daha da yaxınlaşmasında müstəsna rol oynayacağını bildiriblər.

Bakıda Çingiz Aytmatovun heykəlinin qoyulmasını yüksək qiymətləndirən qonaqlar ölkələrində görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikovun əsərlərinin mütəmadi səsləndiyini, “Arşın mala alan” filmi, eyni zamanda onun teatrlaşdırılmış versiyasının qırğızlar tərəfindən böyük sevgi ilə qarşılandığını deyiblər.

Görüşdə həmçinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi, torpaqlarımızın uzunillik işğaldan azad edilməsi və ölkəmizin suverenliyinin tam təmin olunmasının da qırğız ictimaiyyətinin sevincinə səbəb olduğu diqqətə çatdırılıb.

Sonda Qırğızıstan nəşrləri Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub.

https://www.facebook.com/culture.gov.az

icon

Foto qalereya