close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəlil Məmmədquluzadə-155” adlı ənənəvi kitab sərgisi açılıb

22-02-2024

Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin  (1869-1932) anadan olmasının  155 illi tamam olur.

Tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı  Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci il iyun ayının 7-də Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, 1887-1897-ci illərdə İrəvan quberniyasının kəndlərində müəllimlik edibdir.

İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə yazıb.

1905-1907-ci illərdə ilk kitabçaları olan “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət” bu mətbəədə nəşr olunub. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.

1906-cı il aprel ayının 7-də, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub.

Milli Kitabxanada Cəlil Məmmədquluzadənin yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Sərgidə ədibin əsərləri, haqqında yazılan kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Ənənəvi sərgi 1 həftə davam edəcək.