close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcidoğlu Behbudov

09-12-2016

Dekabrın 9-da Milli Kitabxanada Dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcidoğlu Behbudova həsr olunmuş fotoalbomun və “Rəşid Behbudov. Biblioqrafiya”  kitabının təqdimat mərasimi keçirilmişdir.

Əvvəlcə Rəşid Behbudov haqqında 6 dəqiqəlik qısa film nümayiş olunmuşdur.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açmışdır. O, Rəşid Behbudovun musiqi mədəniyyətinin tarixində öz dəsti xətti olduğunu bildirmişdir. Milli Kitabxananın nəşri olan biblioqrafiyadan söz açan direktor burada R.Behbudov barədə rəsmi sənədlərin, sənətkarın əsərlərinin, həyat və yaradıcılığı haqqında kitabların, dövrü mətbuatda və məcmuələrdə çap olunan məqalələrin yer aldığını bildirmişdir.

Sonra söz Mədəniyyət və Turizm Nazirinin müavini professor Ədalət Vəliyevə verilmişdir. O, əvvəlcə dünya şöhrətli müğənninin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən sissilə tədbirlərdən danışmış, müğənninin yaradıcılığından söz açarkən R.Behbudovun Azərbaycan və dünya mahnılarının ifaçısı olduğunu, həm estrada, həm də opera oxumasını, yaratdığı obrazları diqqətə çatdırmışdır.
Çıxışçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, müğənni, Xalq artisri Mübariz Tağıyev, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə Rəşid Behbudovla bağlı xoş xatirələrini bölüşdülər.
Sonda  ailəsi adından Rəşidə Behbudovanın həyat yoldaşı Kamil Şahverdiyev Mədəniyyət və Turizm Nazirliyinə, Milli Kitabxanaya, tədbir iştirakçılarına, bu tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları müğənni haqqında yazılmış kitablar, dövri mətbuat materialları, müğənninin səsyazmalarından ibarət vallardan, CD disklərdən ibarət sərgi ilə tanış oldular.