close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir, “Əhməd Cavad: Biblioqrafiya” və “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimat mərasimi keçirilib

22-02-2023

Fevralın 22-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY Türk Mədəniyyəti Təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir, Milli Kitabxananın nəşr etdirdiyi “Əhməd Cavad: biblioqrafiya” və TÜRKSOY-un nəşr etdirdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbir zamanı çıxışçılar qeyd ediblər ki, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavad bizim ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qurucusudur. Dahi şair nəinki Azərbaycan himninin, həm də ilk hərbi marşın müəllifidir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsində böyük töhfələr vermiş, ürəyi daima Azərbaycanın müstəqilliyi ilə döyünən Əhməd Cavada həsr olunan hər iki kitabı çox dəyərli abidə hesab etmək olar. Təqdimat zamanı qeyd edildi ki, Milli Kitabxana tərəfindən hazırlanan “Əhməd Cavad: Biblioqrafiya” kitabı şair haqqında ilk fundamental biblioqrafik göstərici olmaqla yanaşı, yeni tədqiqatların başlanğıcı üçün bir vəsiqədir.

TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada nəşr edilən tanınmış şair və tərcüməçi Kənan Çarboğanın tərcümə etdiyi “Əhməd Cavaddan seçmə şeirlər” kitabı görkəmli şairin şeirlərinin Türkiyədə təbliğ olunmasında böyük rol oyanayacaqdır.

Tədbirin sonunda qonaqlar “Milli istiqlal şairi Əhməd Cavad” adlı geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “İstiqlal şairi-Əhməd Cavad” adlı Elektron məlumat bazası ilə tanış oldular. Qeyd edək ki, məlumat bazası üç dildə (azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.

icon

Foto qalereya