close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Teymur Elçin - 95” adlı tədbir keçirilib

28-03-2019

Martın 28-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi, ictimai-dövlət xadimi Teymur Elçinin anadan olmasının 95 illiyi münasibətilə “Teymur Elçin - 95” adlı tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru  prof. Kərim Tahirov açaraq Azərbaycan uşaq ədəbiyyatına böyük töhvələr vermiş, zəngin yaradıcılığa malik şair, tərcüməçi, ictimai xadim Teymur Elçinin həyat və yaradıcılığı, zəngin ədəbi irsi, yüksək mənəvi-əxlaqi keyfiyyətləri haqqında danışaraq, onun yaradıcılığının əsasını, bədii-estetik məğzini məhz uşaq ədəbiyyatı təşkil etdiyini, uşaq ədəbiyyatının inkişafına xidmətin  onun yaradıcılıq prinsipinə çevrildyini söyləyib.

Eyni zamanda natiq ədibin tərcümə fəaliyyətindən də geniş danışaraq, onun İ.Turgenev, F.Q.Lorka, K.Çukovski, Aqniya Barto və digər klassiklərdən etdiyi təcümələrinin tərcümə ədəbiyyatımızın ən gözəl nümunələrindən olduğunu söyləmişdir.  Milli Kitabxananın direktoru çıxışında Teymur Elçinin ictimai xadim kimi də mədəniyyət sahəsindəki böyük xidmətlərindən bəhs edərək ötən əsrin ortalarında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etdiyini, 1975-1988-ci illərdə Azərbaycan mədəniyyət nazirinin müavini işlədiyini bildirib. Yüksək insani mənəvi keyfiyyətlərə malik Teymur müəllim yüksək vəzifələrində çalışmasına baxmayaraq həmişə insanlara, gənclərə bütün sahələrdə kömək göstərdiyini xüsusi qeyd edib.

Prof. Kərim Tahirov çıxışında 5 il öncə Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şairin həyat və yaradıcılığı haqqında “Teymur Elçin” adlı ilk fundamental biblioqrafiyanın tərtib olunduğunu və eyniadlı elektron məlumat bazasının hazırladığını qeyd edib və həmin elektron məlumat bazasının hal-hazırda təkmilləşdirildiyini söyləyib. Hazırda həm biblioqrafiyanın və həm də elektron məlumat bazasının tam mətnin Milli Kitabxananın saytı (anl.az) vasitəsilə bütün dünyaya yayımlandığı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Milli Kitabxananın direktoru prof. Kərim Tahirov öz  ziyalılığı, insanpərvərliyi və gənclərə qayğıkeşliyi ilə seçilən T.Elçinin zəngin ədəbi və ictimai-siyasi xidmətləri dövlətimiz tərəfindən dəfələrlə təltiflərlə yüksək qiymətləndirildiyini, xatirəsinin əbədiləşdirildiyini, ehtiramla anıldığını vurğulamış və sonda iştirakçıları sərgi ilə tanışlığa dəvət etmişdir.

Sərgidə şair, tərcüməçi, ictimai xadim Teymur Elçinin zəngin yaradıcılığını əks etdirən müxtəlif dillərdə çap olunmuş əsərləri, ədib haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.