close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir keçirilib

18-09-2019

Sentyabr ayının 18-də Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, bildirib ki, bu gün Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Bu münasibətlə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il sentyabrın 18-dən 10 gün davam edən Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir və festivalda dünya şöhrətli musiqiçələr iştirak edir. Prof. Kərim Tahirov çıxışında Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğunu, insan ömrünün gücünə, qüdrətinə sığmayan ölməz əsərlər yaratdığını söyləyib. Üzeyir Hacıbəylinin  Azərbaycan xalq musiqisini nota salaraq, elmi əsaslarla tədqiq etdiyini və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını söyləyən professor, dahi bəstəkarın “Leyi və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyduğunu, bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla”, “Koroğlu” kimi milli operaların yazdığını söyləyib. Kərim Tahirov bildirib ki, zəngin irsə malik Üzeyir Hacıbəyli eyni zamanda yazıçı, publisist, jurnalist, ictimai və siyasi xadim olub. Azərbaycan xalqı onun mədəni irsini layiqincə qiymətləndirib, xatirəsini hər zaman əziz tutub. Professor, Üzeyir Hacıbəyliyə layiqli qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, 1975-ci ildə ev muzeyinin açıldığını, bəstəkarın doğum gününün – 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı sərəncam verdiyini söyləyib. Prof. Kərim Tahirov onu da qeyd edib ki, dahi bəstəkarı layiqincə təbliğ etmək məqsədilə Milli Kitabxana tərəfindən biblioqrafiya çap edilib, əsərləri dünya milli kitabxanalarına göndərilib.

Daha sonra Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan xalqının musiqi tarixində unudulmaz əsərlər yaratdığını, milli musiqimizi dünya səviyyəsinə çatdırdığını söyləyib.

Sonda tədbir iştirakçıları dahi bəstəkarın həyat və fəaliyyətindən bəhs edən geniş kitab sərgisi ilə tanış olublar.

Sərgidə Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, publisistik əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.