close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Başqırdıstan Respublikasının Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimat mərasimi ke

28-09-2019

Sentyabrın 28-də  Milli Kitabxanada TÜRKSOY Beynəlxalq Təşkilatı ilə birgə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Başqırdıstan Respublikasının Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdən öncə Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Akademik Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra konfransa Başqırdıstan Respublikasının Xalq şairi Mustay Kərimin həyat və yaradıcılığından bəhs edən qısa filmin nümayişi ilə başlanılıb.

Konfransı Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açıq elan edərək Milli Kitabxananın TÜRKSOY Beynəlxalq təşkilatı ilə birgə türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinə həsr olunmuş  tədbirlərin keçirdiyini bildirib. Professor qeyd edib ki, Başqırdıstan xalqının mədəniyyətində müstəsna xidmətləri olmuş Başqırdıstan Xalq şairi  Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mustay Kərimin əsərləri türk dillərində” adlı kitabı Azərbaycan və digər türkdilli xalqların böyük marağına səbəb olacaq. Prof. Kərim Tahirov çıxışında bu dəyərli kitabı oxuyan hər kəsin Mustay Kərim yaradıcılığını daha yaxından tanıyacağını bildirib.

TÜRKSOY-un baş katibi, prof. Dusen Kaseinov çıxış edərək türkdilli xalqların arasındakı qardaşlığı, dostluğu gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtdırmaq, milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq məqsədilə TÜRKSOY təşkilatının bir sıra ölkələrdə türk xalqlarının dahi şəxsiyyətlərinə həsr olunmuş yubiley tədbirlərinin keçirdiyini söyləyib. Düsein Kaseinov bu çərçivədə Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinə - Səməd Vurğun, Rəsul Rza, Mirzə Fətəli Axundzadə, Qara Qarayev, Molla Pənah Vaqif, İmadəddin Nəsimi və bir çoxlarına həsr olunmuş tədbirlərin keçirildiyini xüsusi qeyd edib. Düsein Kaseinov çıxışında Başqırd türklərinin ən böyük şairi və yazıçısı Mustay Kərimin seçilmiş şeirlərinin Azərbaycan, qazax, qırğız, özbək, türk, tatar, başqırd, saha, balkar, çuvaş, karakalpak, rus və ingilis dillərində tərcümə olunaraq dünya oxucusuna təqdim olunduğunu bildirib.

Daha sonra Başqırdıstan Yazıçılar Birliyinin sədri, Başqırdıstan Respublikası Dövlət Məclisi-Kurultayın millət vəkili Zəki Əlibəyev, Başqırdıstan Respublikası Əhməd-Zaki Validi adına Milli Kitabxananın direktor müavini Lusiya İlyasova, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədrinin müşaviri Elçin Hüseynbəyli, Türkiyəli şair-tərcüməçi, tədqiqatçı Kənan Çarboğa, Prof. Qəzənfər Paşayev, Prof, Nizami Tağısoy və digərləri çıxış edərək böyük başqırd şairi Mustay Kərimin həyat və yaradıcılığı haqqında geniş söhbət açıb, TÜRKSOY beynəlxalq təşkilati ilə birgə keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib və türk xalqlarının mədəni-mənəvi əlaqələrinin inkişaf etdirilməsində mühüm rolu olduğunu bildiriblər.

Sonda TÜRKSOY-un baş katibi, prof. Dusen Kaseinov tərəfindən Milli Kitabxananın direktoru prof. Kərim Tahirova, Başqırdıstan Yazıçılar Birliyinin sədri, Başqırdıstan Respublikası Dövlət Məclisi-Kurultayın millət vəkili Zəki Əlibəyevə, Başqırdıstan Respublikası Əhməd-Zaki Validi adına Milli Kitabxananın direktor müavini Lusiya İlyasovaya Mustay Kərimlə bağlı xatirə hədiyyəsi təqdim edilib.