close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı kitab sərgisi və “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

18-02-2026

18 fevral 2026-cı il tarixində Milli Kitabxanada müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadənin anadan olmasının 95 illiyi münasibətilə “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı geniş kitab sərgisi və “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

Sərgidə şairin şeirləri, poemaları, pyesləri, elmi, ədəbi-tənqidi əsərləri, müəllifi olduğu dərsliklər,  tərcümələri, tərtibçi, ön söz müəllifi, məsləhətçi, rəyçi və redaktoru olduğu kitablar,  həmçinin  Nəriman Həsənzadənin həyatı, dramaturgiyası, lirikası, əsərlərində tarixilik və müasirlik, estetika məsələləri və s. yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları  nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Elektron məlumat bazasında Xalq şairi Nəriman Həsənzadənin irsi - “Rəsmi Sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələrində tam mətnli resurslarla təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/N.Hesenzade/index.html linkindən istifadə edə bilərlər.

Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. O, 1949-1953-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsində təhsil alıb. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil alıb, ikiillik Ali Ədəbiyyat Kurslarında da oxuyub. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

Mətbuatda 1953-cü ildən çıxış edir. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Nəriman Həsənzadənin yaradıcılığı zəngin və çoxşaxəlidir. O, əsasən poeziya sahəsində tanınsa da, dramaturgiya və publisistika ilə də məşğul olub.

O, 34 bədii – poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu”, “Poylu – beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər” kimi əsərləri ilə Azərbaycan ədəbi irsini zənginləşdirib. Əsərləri bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

100-dən artıq şeirinə musiqi bəstələnib. Bəstəkar R.Mustafayevlə “Nəriman” və N.Əliverdibəyovla “Vətən” kantatalarını işləyib.

Nəriman Həsənzadə uzun illər Azərbaycan ədəbi mühitində fəal iştirak edib və Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb.

Görkəmli şair 1981-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb. 2001-ci ildə “Şöhrət”,  2011-ci ildə “Şərəf”, 2021-ci ildə “İstiqlal” ordenləri və 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, professoru, akademiyanın Elmi Şurasının üzvüdür.

icon

Foto qalereya