16-11-2026
Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Gəncə şəhəri, Qazax, Lənkəran və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçıları üçün təlimlər təşkil olunub.
“Koha AKİS: region kitabxanalarında praktiki tətbiq və istifadə bacarıqlarının təkmilləşdirilməsi” və “Rəqəmsal dövrdə regional kitabxanalar: elektron informasiya resursları və innovativ xidmətlər” mövzularına həsr olunmuş təlimlərdə müasir kitabxana-informasiya fəaliyyətinin təşkili, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kitabxana proseslərinin avtomatlaşdırılması və regional kitabxanaların rəqəmsal inkişafı məsələləri geniş şəkildə müzakirə olunub.
İlk təlimdə kitabxana-informasiya proseslərinin avtomatlaşdırılmasında mühüm əhəmiyyət daşıyan Koha Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKİS), onun funksional imkanları, iş prinsipi və kitabxana fəaliyyətində praktiki tətbiqi barədə ətraflı məlumat verilib.
Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, Koha AKİS kitabxana proseslərinin vahid sistem üzərindən idarə olunmasına, kitabxana fondunun elektron uçotunun aparılmasına, biblioqrafik yazıların yaradılmasına, elektron kataloqun formalaşdırılmasına və oxuculara göstərilən xidmətlərin avtomatlaşdırılmasına imkan yaradır.
Təlim çərçivəsində sistemin əsas modulları və onların funksional təyinatı izah olunub. Xüsusilə komplektləşdirmə, kataloqlaşdırma, oxucu qeydiyyatı, kitabların verilməsi və qaytarılması, axtarış, hesabatların hazırlanması və dövriyyənin idarə olunması modullarının iş prinsipləri diqqətə çatdırılıb. Kitabxana fonduna daxil olan nəşrlərin sistemə işlənilməsi, biblioqrafik məlumatların düzgün daxil edilməsi, elektron kataloqda axtarışın aparılması və oxucu sorğularının operativ cavablandırılması qaydaları praktiki nümunələr əsasında izah edilib.
Bununla yanaşı, Koha AKİS-in tətbiqinin kitabxanalarda gündəlik iş proseslərinin sadələşdirilməsinə, əməkdaşların iş yükünün optimallaşdırılmasına, fond haqqında məlumatların sistemləşdirilməsinə və kitabxana xidmətlərinin operativliyinin artırılmasına verdiyi töhfə vurğulanıb. Regional kitabxanalarda sistemin səmərəli tətbiqi üçün əməkdaşların proqram təminatından istifadə bacarıqlarının inkişaf etdirilməsinin, vahid iş prinsiplərinin formalaşdırılmasının və məlumatların düzgün idarə olunmasının vacibliyi qeyd olunub.
İkinci təlim – “Rəqəmsal dövrdə regional kitabxanalar: elektron informasiya resursları və innovativ xidmətlər” mövzusunda keçirilən sessiya isə kitabxanaların müasir informasiya mühitində qarşısında duran vəzifələrə və yeni fəaliyyət istiqamətlərinə həsr olunub.
Təlimdə rəqəmsal transformasiyanın kitabxana fəaliyyətinə təsiri, elektron informasiya resurslarının əhəmiyyəti, regional kitabxanaların müasir texnologiyalara uyğunlaşdırılması və istifadəçilərin informasiya tələbatının ödənilməsi məsələləri ətraflı müzakirə edilib.
İştirakçılara elektron kitablar, elektron jurnallar, rəqəmsal kitabxanalar, elektron kataloqlar, elmi məlumat bazaları və digər rəqəmsal informasiya mənbələri haqqında məlumat verilib. Bu resursların təhsil, elmi-tədqiqat və mütaliə prosesində rolu, onların axtarışı, seçilməsi və istifadə qaydaları diqqətə çatdırılıb. Elektron informasiya resurslarının kitabxana fondlarının zənginləşdirilməsində, informasiya xidmətlərinin genişləndirilməsində və oxucuların informasiya ehtiyaclarının daha operativ qarşılanmasında əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, müasir kitabxana xidmətlərinin inkişafı istiqamətində elektron sifariş, onlayn məlumat-biblioqrafiya xidməti, virtual kitab sərgiləri, elektron oxu xidmətləri və sosial media platformalarından istifadə imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, müasir kitabxana yalnız ənənəvi kitab fondunu oxucuların istifadəsinə təqdim edən müəssisə deyil, həm də rəqəmsal informasiya resurslarına çıxış təmin edən, bilik və informasiya mübadiləsini təşkil edən, cəmiyyətin intellektual inkişafına xidmət göstərən mühüm mədəniyyət və informasiya mərkəzidir.
Hər iki təlimin əsas istiqamətlərindən biri nəzəri biliklərin praktiki bacarıqlarla əlaqələndirilməsi, kitabxana əməkdaşlarının müasir iş metodları ilə tanış edilməsi və onların gündəlik fəaliyyətində tətbiq edə biləcəkləri yeni imkanların müəyyənləşdirilməsi olub.
11-14 noyabr tarixlərində baş tutan təlimlərdə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara və Şirvan-Salyan Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən şəhər və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində çalışan kitabxanaçılar iştirak ediblər.