20-02-2026
20 fevral 2026-cı il tarixində Milli Kitabxanda “21 Fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə görkəmli şəxslərin ana dili haqqında fikirləri, Azərbaycan dilinin dövlət dili kimi inkişafı uğrunda Heydər Əliyevin mübarizəsindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti, Azərbaycan dili tarixi, dilçilik məsələləri, həmçinin dilin tədrisi ilə bağlı tədqiqatlar, dövrü mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/Beynelxalq_ana_dili_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
Ənənəvi sərgidə Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti, dil haqqında aforizmlər, dilin tədqiqi, tarixi, tədrisi məsələləri, dünya dilləri haqqında tədqiqatlar, Fransız, italyan, alman, latın, rus və s. dillərində lüğətlər və mövzu ilə bağlı Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, monoqrafiyalar, dərsliklər, elmi əsərlər toplusu sərgilənir.
21 fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunan "Beynəlxalq Ana Dili Günü"nün məqsədi dillərin qorunması, mədəni müxtəlifliyin təşviqi və ana dilinə hörmətin artırılmasıdır.
Ana dili millətin kimliyini, düşüncə tərzini və mədəni irsini əks etdirir. Dünyada təxminən 7000 dil mövcuddur, amma çoxu yox olmaq təhlükəsi ilə üz-üzədir. Buna görə də hər bir dilin qorunması böyük əhəmiyyət kəsb edir. Hər bir dil öz tarixi, adət-ənənəsi və mədəniyyətini daşıyır. Dil itdikdə mədəniyyətin bir hissəsi də itmiş olur.
Ana dilimizi yaşatmaq, onu sevmək və ona hörmət göstərmək hər birimizin vəzifəsidir. Çünki dil – insanın kimliyidir və mədəni irsin əsas daşıyıcısıdır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən dil siyasətinin nəticəsidir.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olunub. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilib.
2001-ci il avqustun 9-da isə Ümümmilli lider "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" mühüm Fərman imzalayıb. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib.
Hazırda bu ənənələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dil siyasəti Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsinə, onun saflığının qorunmasına və müasir dövrün tələblərinə uyğun inkişafına yönəlib. Bu siyasət çərçivəsində rəsmi idarəçilikdə ədəbi dil normalarına riayət olunması gücləndirilib, latın qrafikalı əlifbanın tətbiqi genişlənib və Azərbaycan dilinin beynəlxalq müstəvidə nüfuzunun artırılması istiqamətində ardıcıl addımlar atılıb.
Ana dilinə dövlət səviyyəsində göstərilən bu diqqət milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.