close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mirzə Fətəli Axundzadə – 210” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

13-07-2022

Bu il Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, yazıçı-dramaturq, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illik yubileyi tamam olur.

M.F.Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.

M.F.Axundzadənin realist sənətkar, dramaturgiyamızın banisi, şair və nasir kimi ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri vardır. O, bədii yaradıcılığa 1837-ci ildə yazdığı “Puşkinin ölümünə Şərq poeması” ilə başlamışdır. Dram sənətinin incəliklərini dərindən öyrənən ədib 1850-1855-ci illərdə altı komediya yazmaqla ədəbiyyatımızda dramaturgiyanın əsasını qoymuşdur.

2010-cu ildə aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə 1930-cu ildə bağ salınmış (indiki Səbail rayonunda - heykəltəraş P.Sabsay) və heykəli qoyulmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) M.F.Axundzadənin adı verilmiş, 1962-ci ildə orada büstü (heykəltəraş İ.Zeynalov) qoyulmuşdur.

M.F.Axundzadənin anadan olmasının 210 illik yubileyi münasibətilə görkəmli dramaturqun adını daşıyan Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə Fətəli Axundzadə – 210” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə haqqında rəsmi sənəd, fotolar, böyük mütəfəkkirin müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/M_F_Axundzade_210/index.htm linkindən istifadə edə bilərlər.