07-06-2026
Aşqabadda Molla Pənah Vaqif və Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin, eləcə də türkmən ədəbiyyatının böyük nümayəndəsi Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi çıxış edərək hər iki söz ustasının Azərbaycan və türkmən ədəbi-mədəni düşüncəsindəki yeri və irsi barədə məlumat verib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının formalaşması və ədəbi dilin inkişafında müstəsna xidmətlərindən bəhs edib.
Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova isə Məhtimqulu Fəraqinin türkmən ədəbi dilinin banisi və güclü ədəbi məktəb yaradan görkəmli şair olduğunu vurğulayıb. O, həmçinin 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyinə həsr olunmuş “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala-konsertin keçirildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edənlər Azərbaycan və türkmən xalqlarının ortaq mənəvi dəyərlərinin, ədəbi irsinin və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsində belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.