close
icon E-kataloq və kitabxana

Novruz bayramı münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110”, “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılış mərasimi

19-03-2019

Mart ayının 19-da Milli Kitabxanada milli bayramımız Novruz münasibətilə tədbir və “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olmuşdur.

Tədbiri kitabxananın direktoru prof. KərimTahirov açaraq iştirakçıları tarixlərdən bəri süzülüb gələn, qədim bayramlardan ən möhtəşəmi olan, ruh yüksəkliyini, əmək coşğunluğunu özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik etmiş, sərhəd bilməyən, çox geniş yayılan, yazın gəlməsini, yeni əmək mövsümünün başlanmasını xəbər edən böyük el bayramının tarixindən, ənənələrindən, atributlarından danışmışdır. Direktor bildirmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın çox ciddi səylərinin səmərəli nəticəsi olaraq 2009-cu ilin 30 sentyabrında Azərbaycan xalqının Novruz bayramı YUNESKO-nun Qeyri Maddi İrs siyahısına daxil edilmişdir və 2010-cu ildə ilk dəfə BMT səviyyəsində Nyu-Yorkda Novruz bayramı şənlikləri keçirilmişdir.

Daha sonra direktor XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından olan, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə bu il yubileyləri qeyd olunan Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının və  eləcə də görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri olan Xalq yazıçısı Mehdi Hüseynin və Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Xəlilin həyat və yaradıcılığı haqqında danışmış, onların irsinin təbliğində üzərimizə düşən vəzifələrin layiqincə həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır. Bu gün bu görkəmli şəxsiyyətlərin doğum günləri ərəfəsində onların hər birinin həyat və yaradıcılıqlarına dair kitabları əks etdirən geniş kitab sərgilərinin təşkili, onların xatirəsinin tədbir keçirilməklə yad edilməsi gənc nəsillər üçün böyük örnək ola bilər.

Sonda tədbir iştirakçıları görkəmli yazıçıların müxtəlif dillərdə olan əsərlərindən, həyat və yaradıcılıqlarına dair materiallardan ibarət kitab  sərgiləri ilə tanış  olmuşlar.