09-04-2026
9 aprel tarixində Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət Dilində İşin Əsasları üzrə Təlim və Peşəkar İnkişaf Mərkəzinin rəhbərliyi Milli Kitabxananın qonağı olub. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Qonaqları salamlayan direktor Azərbaycan-Özbəkistan arasında dərin tarixi köklərə malik dostluq və əməkdaşləq əlaqələrinin mövcudluğundan, Azərbaycan və özbək xalqlarının ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlılığından danışıb, son illərdə Azərbaycanın qarşılıqlı münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli platformalarda daha da dərinləşdirdiyi qeyd edib.
Direktor Özbəkistan ilə əlaqələrin həmçinin Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişafını diqqətə çatdırıb, Özbəkistan xalqının nümyəndələrinin iştirakı ilə 1926-cı ildə Bakıda ilk Türkoloji Qurultayın keçirilməsini, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə bu il qurultayın 100 illiyinin qeyd edilməsini türk birlik və mədəniyyətinə, ədəbiyyatına xidmət kimi qiymətləndirib və iyun ayında bütün türk dünyasının iştirakı ilə Bakıda mötəbər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Professor eyni zamanda, Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, kitabxananın fondunda mövcud olan özbək ədəbiyyatı və özbək ədəbiyyatına dair Milli Kitabxananın Beynəlxalq Əməkdaşlıq Zalında yaradılan, mütəmadi olaraq yenilənən daimi ədəbiyyat bölməsi haqqında qonaqlara məlumat verib. Natiq qeyd edib ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan ədəbiyyatı bölməsi 2019-cu ildə yaradılıb, Özbəkistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi isə 2024-cü ildə Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil edilib.
Görüş zamanı Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Dövlət Dilində İşin Əsasları üzrə Təlim və Peşəkar İnkişaf Mərkəzinin rəhbəri filologiya elmləri doktoru, professor İnomcon Azimov Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin çoxəsrlik zəngin və keşməkeşli tarixi haqqında danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb, həmçinin səmimi qəbula görə kitabxananın rəhbərliyinə dərin təşəkkürünü bildirib. Eyni zamanda qonaq müəllifi olduğu I Türkoloji Qurultay haqqında kitabını direktora hədiyyə edib.
Daha sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub və Beynəlxalq Əməkdaşlıq Zalındakı “Özbəkistan ədəbiyyatı bölməsi”nə yeni kitablar hədiyyə ediblər.
Sonda direktor prof. Kərim Tahirov qonalara “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və milli süvenirlər hədiyyə edib.