close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Kərim Şükürov” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

10-05-2026

10 may 2026-cı il tarixində Milli Kitabxanada görkəmli alim, tarix elmləri doktoru, professor Kərim Şükürovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş   “Professor Kərim Şükürov ” adlı ənənəvi kitab sərgis iistifadəçilərə təqdim olunub.

Sərgidə alimin tarix elminin müxtəlif problemlərinə dair monoqrafiyaları, dərslikləri, ön söz yazdığı, tərtibçi, layihə rəhbəri, elmi redaktoru olduğu kitablar, elmi fəaliyyəti haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Kərim Kərəm oğlu Şükürov 1956-cı il may ayının 10-da Bərdə rayonunda anadan olub. O, orta təhsilini 1972-ci ildə Bərdə şəhər 1 №-li orta məktəbdə tamamlayaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Kərim Şükürov 1984-cü ildə "Cənubi Azərbaycandan Zaqafqaziyaya köçkarlıqlar (XIX əsrin 30-cu illəri – 1905-ci il)" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərini əhalinin tarixi dinamikasının araşdırılması, İran və Rusiya imperiyaları arasında miqrasiya proseslərinin hüquqi-siyasi əsaslarının öyrənilməsi, tarixi demoqrafiyanın mənbəşünaslıq məsələləri təşkil edir. Azərbaycan tarixşünaslığında məhz onun tərəfindən bir sıra istiqamətlər ilk dəfə sistemli şəkildə tədqiq edilmişdir.

Kərim Şükürov 2021-ci ildən AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru təyin edilib. Azərbaycan Turizm İnstitutunun professorudur. O, həmçinin "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktoru, Ali Attestasiya Komissiyasının Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının üzvü və AzTV-də "Azərbaycan tarixi" proqramının aparıcısı kimi geniş ictimai fəaliyyət göstərmişdir.

Alimin elmi yaradıcılığı çoxşaxəlidir. Onun 10-dan artıq kitab və monoqrafiyası, həmçinin müxtəlif dillərdə çap edilmiş 200- dən artıq elmi məqaləsi nəşr olunub. Əsas tədqiqat əsərləri sırasında “Azərbaycan əhalisi haqqında ədəbiyyat. Biblioqrafik göstərici.” (Bakı, 1994), “Türk xalqları XVI-XX yüzilliklərdə: say dinamikası (Çar Rusiyası və Sovetlər İttifaqı üzrə)” (Bakı, 1997), “Azərbaycan tarixi. Üç hissədə”, I-II hissələr (Bakı, 1994-2004), “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları (qədim zamanlardan müasir dövrədək)” (Bakı, 2004), “Türkmənçay – 1828. Tarixi xronika” (Bakı, 2006), “Qarabağ: real tarix, faktlar və sənədlər” (Bakı, 2005, Yaqub Mahmudovla birgə), “Naxçıvan: tarixi və abidələri”, (Bakı, 2007, Y. Mahmudovla birgə) kitabları və digər irihəcmli tədqiqatlar xüsusi yer tutur. Onun əsərləri Azərbaycan dili ilə yanaşı rus, ingilis, alman, ərəb və fars dillərində nəşr edilib.

Professor Kərim  Şükürov 2012-ci ildə Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının tarixinə dair əsərlərinə görə elm sahəsində Azərbaycan Respublikasının Dövlət mükafatınalayiq görülüb. Alim həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, eləcə də müxtəlif nüfuzlu elmi qurumların təltifləri ilə mükafatlandırılıb. 2025-ci il 5 noyabr tarixində Azərbaycan elminin inkişafına verdiyi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif edilib.

 

icon

Foto qalereya