close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib

14-03-2022

Martın 14-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İraq – Türkman poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə iştirakçıları salamlayıb. O, bildirib ki, çox qürurlandırıcı bir haldır ki, professor Qəzənfər Paşayevin demək olar əksər kitablarının təqdimatı məhz Milli Kitabxanada keçirilib. Bu gün təqdimatını keçirdiyimiz “İraq – Türkman poeziya antologiyası” kitabı da professor Qəzənfər Paşayevin gərgin əməyinin nəticəsidir. Kərim Tahirov vurğulayıb ki, Qəzənfər Paşayev kitabın dostudur, o bu cür kitabları yazaraq Azərbaycan xalqını bizə daha yaxın olan xalqla yaxınlaşdırıb. O, bildirib ki, çağdaş İraq – Türkman şairlərinin poeziya örnəklərini əhatə edən “İraq – Türkman poeziya antologiyası”nın hər iki cildi Azərbaycanlı poeziya sevərlərin rəğbətini qazanacaq, tədqiqatçıların diqqət mərkəzində olacaqdır.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək Qəzənfər müəllimə belə bir kitabın nəşrinə, o cümlədən ədəbiyyatşünaslıq sahəsində tədqiqatlarına görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, məhz Qəzənfər müəllimin kitabları milli şüurumuzun, düşüncəmizin formalaşmasında mühüm rol oynayır. O, bildirib ki, Qəzənfər müəllimin müəllifi olduğu kitablar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin öyrənilməsi baxımından çox dəyərlidir. Son olaraq, o, Qəzənfər Paşayevi yeni kitabın nəşri münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları və araşdırmalarının davamlı olmasını arzulayıb.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək ilk öncə bu kitabın nəşrində mühüm xidmətləri olan Qənirə Paşayevaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, son illər ərzində Qənirə xanım çoxsaylı kitabların nəşrində yaxından iştirak edib. Qəzənfər müəllim ömrünü ədəbiyyatşünaslığın bu sahəsinə həsr edib, neçə-neçə kərkük ədəbiyyatına, eləcə də şairlərinə həsr edilən kitabların müəllifidir. Və vurğulayıb ki, bu gün təqdimatı keçirilən kitab İraqlı qardaşlarımız arasında körpü rolunu oynayır.

Milli Məclisin deputatı, professor Anar İsgəndərov çıxış edərək bildirib ki, bu gün tarixi gündür, ona görə ki, belə gözəl tərtibatlı bir kitabın təqdimatına toplaşmışıq. Azərbaycan İraq əlaqələrinə dair çoxsaylı kitablar yazılıb, lakin müasir dövrdə belə nəşrin olması çox mütərəqqi bir amildir. O, vurğulayıb ki, ədəbiyyatımızda “kərküklər kimdir” anlayışını məhz Qəzənfər Paşayev tədqiq edib və bu haqda çoxsaylı kitablar yazıb. “İraq – Türkman poeziya antologiyası” ədəbiyyatşünaslıq əsəri deyil, lakin ədəbiyyat hadisəsidir, ədəbiyyatşünaslar üçün bir qaynaqdır.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək qeyd edib ki, xoş hadisədir ki, məhz Qəzənfər Paşayev İraq türkman şairlərinin şeirləri ilə bizi tanış edib. Məhz Qəzənfər müəllimin belə bir mövzuya diqqət yetirməsi, çoxsaylı kitablar yazıb yaratması ədəbiyyatşünas təqdiqatçılar üçün qiymətlidir. İnanıram ki, “İraq – Türkman poeziya antologiyası” kitabı bütün tədqiqatçıların, ədəbiyyatşünasların, şeirsevənlərin stolüstü kitabına çevriləcək.

Kitabın müqəddiməsinin müəllifi, Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək belə bir tədbiri təşkil etdiyinə görə kitab ocağına, Milli Kitabxanaya, xüsusilə Kərim müəllimə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Qəzənfər Paşayev milli düşüncəmizin formalaşmasında mühüm rol oynayıb. Vurğulayıb ki, İraq türkmanlarının tanıdılması bilavasitə Qəzənfər Paşayevin adı ilə bağlıdır. “İraq – Türkman poeziya antologiyası” kitabı Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin ürəkdən bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsi, hadisəsidir. Azərbaycanda İraq türkmanşünaslığının ən davamlı, uzunmüddətli, peşəkar tədqiqatçısı təbliğatçısı, tərənnümçüsü və təşkilatçısı məhz Qəzənfər Paşayevdir. Qeyd edib ki, antologiya İraq – Türkman poeziyasının keçdiyi inkişaf yolunu, tendensiyaları, onun bugününü və inkişaf yönünü göstərir.

Kitabın tərtibçisi və ön söz müəllifi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxış edərək tədbirin təşkilatçılığına görə Milli Kitabxanaya və kitabın ərsəyə gəlməsində əməyikeçən hər bir şəxsə təşəkkür edib.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi və digərləri çıxış ediblər.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan professor Qəzənfər Paşayevin yaradıcılığını əhatə edən kitabların sərgisi ilə tanış olublar.

 

icon

Foto qalereya