close
icon E-kataloq və kitabxana

Qırğızıstan Respublikasının Bişkek şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər davam edir

18-05-2019

Mayın 18-də Qırğızıstanın Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyi, TÜRKSOY təşkilatı, Manas Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

İlk olaraq Manas Universitetinin foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olmuşdur.

Manas Universitesinin rektor köməkçisi prof. Asılbek Kulmurzayev çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsimini  türk xalqlarının böyük şairi adlandıraraq, o dövrün önəmli mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Anadolu, İraq, Suriya şəhərlərini gəzərək və öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə yaydığını bildirdi.

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söylədi. Azərbaycan ədəbiyyatına, onun görkəmli şəxsiyyətlərinə, klassiklərinə hər zaman dövlətimiz tərəfindən layiqli qiymətin verildiyini söyləyən cənab səfir,  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən İmadəddin Nəsiminin 650 illik yubiley tədbirlərinin  dünya miqyasında böyük təntənə ilə qeyd edildiyini dedi. Hidayət Orucov çıxışında ilk dəfə olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin YUNESKO-nun tədbirlər siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq səviyyədə geniş qeyd olunduğunu bildirdi.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov İmadəddin Nəsiminin  yaradıcılığı haqqında danışdı. Direktor qeyd etdi ki, Milli Kitabxana da öz növbəsində “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir.  Prof. Kərim Tahirov çıxışında bildirdi ki, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının qeyd edilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və 650 illik yuliyeyinin təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək TÜRKSOY təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə İmadəddin Nəsimiyə həsr olunmuş tədbirlərin Türkiyənin Ankara və İstanbul şəhərlərində, eləcə də Qırğızıstanın Bişkek şəhərində təntənə ilə qeyd edilməsinin əlamətdar hadisə olduğunu söylədi. Eyni zamanda “Nəsimi ili” ərzində belə tədbirlərin digər türk dövlətlərində də keçiriləyini də xüsusilə qeyd etdi.

Daha sonra Nəsimi haqqında qısa filmin nümayişi keçirildi.

Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək  dahi sənətkar Nəsiminin irsinin geniş araşdırılaraq tədqiq olunmasını və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını qeyd etdi.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsiminin yaradıcılığından söhbət açaraq qeyd etmişdir ki, klassik ədəbiyyatımızın başqa böyük nümayəndələri kimi, İmadəddin Nəsiminin də bəxti bu barədə məhz ona görə gətirmişdi ki, tarix Azərbaycana Heydər Əliyev kimi qədirşünas bir dühanı bəxş eləmişdi və bu dahi şəxsiyyət özü kimi dahiləri tarixin sükut buzundan qopararaq öz millətinə və təkcə öz millətinə deyil, həm də bütün bəşəriyyətə xidmətə, insanlığın mədəni səviyyəsinin yüksəldilməsinə, insanlarda insani sifətlərin tərbiyəsinə cəlb edə bilmişdi.

Akademik qeyd etmişdir ki, klassik Azərbaycan ədəbiyyatına, xüsusən onun ən böyük və fəxri nümayəndələrindən biri olan Nəsiminin həyat və yaradıcılığının öyrənilməsinə və təbliğinə bu cür sevgi, sayğı və qayğı Heydər Əliyev məktəbinin ən böyük yetirməsi olan, Heydər Əliyevin istər daxili, istərsə də xarici siyasət kursunun davamçısı və inkişaf etdirəni, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədə həyata keçirilməkdədir.

Teymur Kərimli çıxışında Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq olmasının tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin, insana sevginin və azadlığın geniş yer tutduğunu deyib. Ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan  danışan akademik Nəsiminin əsərlərində olan humanizm, azadlıq ideyalarının tərənnüm olunduğunu, Azərbaycan xalqının nadir xalqlardan biri olduğunu, həmişə azad bir xalq olaraq, insan azadlığı idealarının əsas yer tutduğunu bildirdi. Bu ideyalar bizim klassik ədəbiyyatda, o cümlədən Nəsimi əsərlərində də öz əksini tapıb. Nəsimi inanırdı ki, insanın simasında ərəb əlifbasının hərfləri öz əksini tapıb, insan müqəddəsdir, insan dünyaya xoşbəxt olmaq üçün gəlir. Bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında Fizuli və Xətai kimi böyük şairlərimiz yetişmişdir.

Manas Üniversitetinin dekanı prof. Layli Ukubayeva, Qırğız ədəbiyyatşünası dosent Karlıqaç Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kamşiger,  başqırd şairi Tamara Yuldaşevahəyat və yaradıcılığı haqqında geniş söhbət açdılar və onu türk xalqlarının böyük şairi adlandırdılar.

Sonda incəsənət xadimlərinin ifasında Nəsiminin şerləri və sözlərinə yazılmış mahnılar səsləndi.