24-11-2026
Noyabrın 24-də İtaliyanın paytaxtı Roma şəhərində Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda beynəlxalq konfransın açılışı olub.
Açılış mərasimində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirak edib.
1876-cı il martın 14-də əsası qoyulmuş Roma Mərkəzi Milli Kitabxanası150 illik yubileyini zəngin mədəni və elmi tədbirlər proqramı ilə qeyd edir.
Dünyanın aparıcı milli kitabxanalarının rəhbərlərini, nüfuzlu beynəlxalq mədəniyyət təşkilatlarını və kitabxana-informasiya sahəsinin mütəxəssislərini bir araya gətirən beynəlxalq tədbir kitabxanaların müasir dövrdə qarşılaşdıqları çağırışların, mədəni irsin mühafizəsi və ictimaiyyətə təqdim olunmasına dair innovativ yanaşmaların, rəqəmsal texnologiyaların və süni intellektin kitabxana fəaliyyətində tətbiqi imkanlarının müzakirəsinə həsr olunub.
Konfransın açılış mərasimində İtaliya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Valentina Gemignani, Kitabxanalar və Mədəniyyət Müəssisələri üzrə baş direktor Paola Passarelli və Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo salamlama nitqləri ilə çıxış ediblər.
Açılış mərasimindən sonra Roma Mərkəzi Milli Kitabxanasının tarixi və fəaliyyətinə həsr olunmuş sessiyalar keçirilib. Sessiyalarda 150 illik tarixə malik kitabxananın formalaşması və inkişaf mərhələləri, zəngin sənədli irsin qorunması, kitabxana fondlarının mühafizəsi, oxuculara göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının tətbiqi məsələləri diqqət mərkəzində olub.
Beynəlxalq konfransın ilk günündə kitabxanaların yalnız çap nəşrlərinin və əlyazma irsinin mühafizə olunduğu müəssisələr kimi deyil, həm də müasir bilik və informasiya mübadiləsinin mühüm mərkəzləri kimi inkişaf etməsinin əhəmiyyəti vurğulanıb. Rəqəmsal mühitin yaratdığı yeni imkanlar, mədəni irsin gələcək nəsillərə ötürülməsi və kitabxanaların cəmiyyətin informasiya tələbatının ödənilməsində rolu tədbirin əsas müzakirə istiqamətlərini təşkil edib.
Tədbir çərçivəsində Roma Mərkəzi Milli Kitabxanasının 150 illik tarixinə və fəaliyyətinə həsr olunmuş “Carta canta” adlı sənədli film nümayiş etdirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun beynəlxalq konfransda iştirakı Azərbaycan və İtaliya kitabxanaları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, dünya kitabxanalarının qabaqcıl təcrübələrinin öyrənilməsi və beynəlxalq kitabxana əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Konfransın ilk gününün sonunda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov digər məruzəçilərlə birlikdə Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi münasibətilə təşkil olunmuş “Tesori” (“Xəzinələr”) adlı sərgi ilə tanış olub. Sərgidə kitabxananın zəngin tarixi və mədəni irsini əks etdirən qiymətli nümunələr nümayiş olunur.
Beynəlxalq konfrans noyabrın 25-də müxtəlif ölkələrin milli kitabxanalarını təmsil edən rəhbər və mütəxəssislərin məruzələri ilə öz işini davam etdirəcək.