close
icon E-kataloq və kitabxana

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Milli Kitabxananın qonağı olmuşdur

24-10-2022

Oktyabr ayının 24-də Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxananın qonağı olmuşdur.

Kitabxananın direktoru prof. Kərim Tahirov qonağı salamlamış, iki qonşu ölkə arasında daim mədəni əlaqələrin mövcud olduğunu və bu sıx dostluq münasibətlərinin bu gün də yüksək səviyyədə davam etdirildiyini söyləmişdir.

İrek Zinnurov Milli Kitabxana ilə birgə aksiyaların, müxtəlif istiqamətli tədbirlərin təşkilinin mümkünlüyünü qeyd etmiş, direktorun VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada keçirilmiş “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusundakı dəyirmi masada xarici qonaqlara “Qarabağa kitabla gedək” kitabtoplama kampaniyasına dəstək məqsədilə etdiyi çağırışa qoşulmağa hazır olduqlarını, xüsusən tələbat olan rus ədəbiyyatını Qarabağ fonduna hədiyyə edə biləcəklərini vurğulamışdır.

Prof. Kərim Tahirov son 2 il pandemiya səbəbindən yeni rus kitablarının alınmasında müəyyən problemlərin olduğunu, lakin Rusiyanın aparıcı kitabxanaları ilə hər zaman sıx əlaqələrin mövcudluğunu diqqətə çatdırmış, ötən il M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası ilə əməkdaşlıq haqqında memorandumun imzalandığını və kifayət qədər rusdilli oxucu auditoriyası olan kitabxanada rus yazıçılarla məktəblilərin görüşünün təşkil edildiyini, cari ildə Belarusda Rusiya Dövlət Kitabxanası və Rusiya Prezident Kitabxanasının direktorları ilə görüşdüyünü, il sonu Rusiya Dövlət Kitabxanası ilə Rusiya-Azərbaycan kitabxanaçılarının birgə dialoqunun baş tutacağını, iki kitabxana arasında əməkdaşlıq haqqında memorandumun müddətinin uzadılacağını söyləmişdir.

Direktor həmçinin nümayəndiliyin kitabxanasını tanışlıq məqsədilə ziyarət edəcəklərini, birgə əlaqələrin inkişafı və genişləndirilməsi üçün əməkdaşlığın vacibliyini, bunun üçün memorandumun mövcudluğunun önəmini bildirmişdir.

İrek Zinnurov prof. Kərim Tahirovu nümayəndiliyin ölkəmizdə təşkil etdiyi tədbirlərə dəvət etmiş, kitabxananın bütün layihələrinə kitabla dəstək ola biləcəklərini, Rusiya nəşriyyatları, müəllifləri ilə əlaqələrin qurulmasına kömək edə biləcəklərini söyləmiş və qəbula görə təşəkkür etmişdir.

Daha sonra Milli Kitabxananın direktoru prof. Kərim Tahirov tərəfindən qonağa Milli Kitabxana haqqında 3 dildə yazılmış (Azərbaycan, ingilis və rus dillərində) “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında”, “Qədim qalanın yuxuları, “Qobustan – minilliklərin kitabı” adlı kitablar və Azərbaycanın tarixi və mədəniyyət abidələrini əks etdirən xəritə təqdim edilmiş, xatirə şəkli çəkilmişdir.

 

icon

Foto qalereya