close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Литературная гостиная: современная российская литература для детей и подростков” adlı telekörpü formatında tədbir keçirilib

19-12-2021

Dekabrın 19-da Azərbaycan Milli Kitabxanasında “Литературная гостиная: современная российская литература для детей и подростков” adlı telekörpü formatında tədbir keçirilib. Tədbir Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Milli Kitabxanasının  təşkilatçılığı ilə baş tutub.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası uzun illərdir ki, dünya ədəbiyyatını populyarlaşdırmaqla məşğuldur, rus və xarici ədəbi prosesləri birləşdirən bir “tel”dir. Uşaq və yeniyetmələr üçün olan ədəbiyyat dünya ədəbiyyatının mühüm tərkib hissəsini təşkil edir. Məhz uşaqlar üçün olan kitablar ana dilinə və mədəniyyətinə maraq aşılamaq üçün nəzərdə tutulmuşdur.

Görüşdə yazıçılar, ədəbiyyat sahəsində Rusiya milli mükafat laureatları – Aleksey Oleynikov və Nataliya Volkova ilə, eləcə də “Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası”nın mütəxəssisləri ilə müxtəlif formatlarda canlı dialoqlar aparılıb. Qonaqlar və onlayn iştirakçılar (Bakıda, eləcə də Moskvada) yazıçılarla ünsiyyət quraraq onlara maraqlı suallar veriblər.

Tədbir zamanı Bakıda fəaliyyət göstərən  8 və 160 nömrəli məktəbin kollektivi – müəllim heyəti, şagirdlər, eləcə də valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Rusiyadan gələn uşaq yazıçılarını tədbir iştirakçılarına təqdim edib. Həmçinin, tədbirdə iştirak edən Səlim Babullaoğlunu və uşaq yazıçısı Sevinc Nuruqızını qonaqlarla tanış edib. Professor Kərim Tahirov bu görüşlərin  mütəmadi keçirilməsinin uşaqların mütaliəsində böyük rol oynadığını vurğulayıb. Daha sonra tədbiri davam etdirmək üçün sözü Daniil Romanova verib.

Daniil Romanov çıxışında məktəblilərin problemləri haqqında onlara sual verilməsini xahiş edib. Məktəblilər təklik problemi, valideyn-uşaq münasibətləri haqqında fikir mübadiləsi aparmışlar.  Tədbirdə çıxış edən S.Babullaoğlu belə tədbirlərin məktəblilər üçün yararlı olmasını vurğulayıb.

Daha sonra söz qonaq yazıçı Aleksey Oleynikova və Nataliya Volkovaya verilib. Yazıçılar iştirakçıları salamlayıb, Bakıda ilk dəfə olduqlarını və şəhərə valeh olduqlarını vurğulayıblar. Onlar insanın tənhalığı, ədəbiyyatda tənhalıq mövzusu, müasir dövrdə internetin və sosial şəbəkələrin məktəblilərin həyatında oynadığı rolundan danışıblar.

Sonra məktəblilərdən Anna Listopad, Babayeva Mina və digərləri mövzu ətrafinda qonaqlara suallar verib və maraqlı cavablar almışlar.

Daha sonra məktəblilərə master - klassda iki tapşırıq verilib:

  •  bir nağılın süjet xəttini dəyişərək müasir zamana görə öz təxəyyülü üzərində yenidən qurmaq,
  • cansız bir obyekt üzərindən hekayə qurmaq.

Məktəblilər öz təxəyyülləri ilə müxtəlif hekayə və nağılları dəyişdirib təqdim ediblər. Çıxışlar çox maraqla qarşılanıb.

Sonda yazıçı A.Oleynikov və N.Volkova tədbirdən çox məmnun qaldıqlarını söyləyiblər, uşaqların çox aktiv olduqlarını və bunun çox dəyərli olduğunu vurğulayıblar.

Yazıçılar qeyd ediblər ki, bu tədbir onları daha yeni hekayələr yazmağa ruhlandırır.

Yekun olaraq xatirə şəkli çəkilib. Və tədbirdə fəal olan şagirdlər və gənclər M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının fəxri fərmanı ilə mükafatlanıblar.

 

 

icon

Foto qalereya