close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Milli Aviasiya Akademiyasının prorektoru, Şəmsəddin Axundovun 90 illik yubileyi münasibətilə “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

28-12-2022

Şəmsəddin Əşrəf oğlu Axundov 1932-ci il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərinin 51 saylı orta məktəbini əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika şöbəsinə daxil olmuş, 1956-cı ildə universiteti bitirmişdir.

Şəmsəddin Axundov 1956-1965-ci illərdə Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışmışdır. 1965-cı ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, 1967-ci ildən sədr vəzifələrində çalışan Ş.Axundov 1969-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri işləmişdir.

Şəmsəddin Axundov 1981-1987-ci illərdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-ci ildə o, Mədəniyyət Nazirliyinin Mədəni-maarif Müəssisələri İdarəsinə rəis təyin olunmuş, 1991-2001-ci illərdə nazir müavini vəzifəsində işləmiş, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Mədəniyyət Nazirliyi Kollegiyasının üzvü təyin olunmuşdur.

Şəmsəddin Axundov 2005-ci ildən Milli Aviasiya Akademiyasında prorektor vəzifəsində çalışır. O, burada Aviasiya Tarixi Muzeyinin fəal qurucularından biri və ilk direktoru olmuşdur. Onun gərgin əməyi sayəsində Muzeydə Azərbaycanda aviasiya tarixinə dair, xalqımızın ilk qəhrəman aviator oğul və qızları haqqında zəngin material toplanmışdır.

Topladığı məhz bu dəyərli materiallar əsasında Azərbaycanda ilk dəfə olaraq Azərbaycan və rus dillərində aviasiya tarixinə dair “Azərbaycanda aviasiyanın tarixi: Biblioqrafiya” adlı fundamental kitab tərtib etmişdir.

Şəmsəddin Axundov “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri, “Əla mədəniyyət işçisi” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

Şəmsəddin Axundovun 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Şəmsəddin Axundovun müəllifi olduğu kitablar, tərtibçisi və redaktoru olduğu əsərlər, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Emekdar_medeniyyet_iscisi_Semseddin_Axundov/index.htm  linkindən istifadə edə bilərlər.