17-03-2026
17 mart 2026-cı il tarixində Milli Kitabxanada yazıçı, şair, nasir, dramaturq, publisist, tərcüməçi Seyran Səxavətin anadan olmasının 80 illik yubileyi münasibətilə “Şair - nasir Seyran Səxavət” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə Seyran Səxavətin şeirləri, romanları povestləri, müxtəlif hekayələri, pyesləri, tərcümələri, ön söz yazdığı, redaktor olduğu kitablar, həyat və yaradıcılıqlarını əks etdirən Azərbaycan və rus dilində ədəbiyyatlar, dövri mətbuat materialları sərgilənir.
Seyran Əsgər oğlu Xanlarov (Seyran Səxavət) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsini bitirib.
Bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin əvvəllərində başlayıb və “İki arzu” adlı ilk şeiri 1962-ci ildə Füzuli rayonunda çıxan "Qızıl Araz" qəzetində, 1970-ci ildə “Adalar” adlı ilk şeir kitabı çap olunub.
“Mənim planetim”, “Hamı elə bilirdi...”, “Daş evlər”, “Dar köynək”, “Qızıl teşt”, “Nekroloq”, “Palıd toxumu”, “Bəhanə”, “Yəhudi əlifbası”, “Qaçhaqaç” və s. kitablarının müəllifidir.
Əsərlərində insan və vətən sevgisi, Qarabağ müharibəsi, qaçqınların yaşam tərzi, insan taleləri kimi bəşəri mövzular əsas yer tutur. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.
1988-ci ildə “Qızıl teşt” pyesi Akademik Dram Teatrında, 1989-cu ildə “Büst” pyesi Lənkəran Dram Teatrında, 1990-cı ildə “Qapıların o üzündə qalan dünya” pyesi Füzuli Dram Teatrında tamaşaya qoyulub.
Seyran Səxavətin “Nekroloq” romanı Azərbaycan Yazıçılar Birliyinin 2002-ci ilin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülüb.