08-05-2026
Mayın 8-də M.F.Axundov adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə “Tarixdə iz, xatirələrdə işıq” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu il müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq Ümummilli Liderin şərəfli ömür yolundan, Vətən və Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən və Azərbaycana layiqincə rəhbərlik etməsindən danışıb. Direktor Ulu Öndərin həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğısından da bəhs edib. Professor Kərim Tahirov Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin onun layiqli davamçısı olan hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə öz çıxışında Heydər Əliyevin bizim üçün qoyduğu ən böyük əmanətin bu dövlət və gənc nəsil üçün gördüyü işlər olduğunu vurğulayıb. O, qeyd edib ki, Ulu Öndər öz ömrünü dövlətin bütövləşməsi, xalqın suverenliyi və azadlığı yolunda qurban verib.
Milli Məclisin üzvü Asif Əsgərov Heydər Əliyev haqqında danışmağın həm fəxarət, həm də çox çətin bir iş olduğunu diqqətə çatdıraraq, Ulu öndərin müstəqil Azərbaycanın memarı olduğunu, onun Azərbaycana qayıdışının xalqımızın, dövlətçiliyimizin xilası olduğunu bildirib.
Milli Məclisin deputatı Elnarə Akimova Heydər Əliyevin ədəbiyyatla, mədəniyyətlə bağllı görgüyü işlərdən bəhs edərək belə tədbirlərin Heydər Əliyev obrazını gənclərə tanıtmağımızda qiymətli rol oynadığını söyləyib. Ulu öndərin öz çıxışlarında ədəbiyyata, təhsilə, elmə, mədəniyyətə və yaradıcılığa böyük önəm verirdiyini diqqətə çatdıran millət vəkili bu dahi şəxsiyyətin milli mənəvi dəyərlərə qayğısının nəticəsi olduğunu xüsusilə vurğulamışdır.
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və qələm adamları ilə yaxın münasibətdə olduğunu, daim bu sahəyə diqqət yetirdiyini bildirərək Azərbaycan mətbuatına Heydər Əliyev dövründə başlayan qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdiyini bildirmişdir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Tarix emləri doktoru Eynulla Mədətli çıxışında Heydər Əliyevin xatirəsinin həmişə işıqlı və əbədiyaşar olduğunu qeyd edərək, Ümummilli liderin şəxsiyyətinin formalaşmasında o dövrki ədəbi və siyasi mühitin böyük rolu olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin üzvü Aydın Mirzəzadə Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, milli və mənəvi dəyərlərimizə sahib çıxdığını bildirmişdir. Onun Müstəqil Azərbaycanı ən müasir, yenilikçi bir dövlətə çevirdiyini vurğulayaraq, özündən sonrakı Azərbaycanın gedəcəyi strateji yolu cızdığını qeyd etmişdir.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Ümummilli lider Heydər Əliyev” adllı Elektron məlumat bazası təqdim olundu və sonra iştirakçılar ənənəvi kitab sərgisi ilə tanış oldular.
Sonda xatirə şəkli çəkdirdilər.