14-07-2026
14 iyul tarixində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı – 14 iyul 1969-cu il” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 14 iyul 1969-cu ilin Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş yaradılıb, müasir dövlətçilik ənənələrinin təməli qoyulub.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxışında həmin dövrdə həyata keçirilən iqtisadi islahatların, sənayeləşmə siyasətinin və milli kadr hazırlığının Azərbaycanın sonrakı inkişafında mühüm rol oynadığını qeyd edib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin milli həmrəyliyin möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və mədəni irsin qorunmasına mühüm töhfələr verdiyini bildirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev kitabxana işinin, elm və mədəniyyətin inkişafına daim xüsusi diqqət göstərib. Onun təşəbbüsü ilə kitabxana işi yeni inkişaf mərhələsinə qədəm qoyub, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Vurğulanıb ki, Milli Kitabxana bu gün də Ümummilli Liderin zəngin irsinin təbliği, tarixi yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi qeyd olunub, belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvü fəxri fərmanlarla təltif olunub, tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.