close
icon E-kataloq və kitabxana

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

02-06-2022

“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Festival ilk dəfə olaraq Türkiyədən kənarda - Azərbaycanda keçirildi. "Teknofest-2022"nin Azərbaycanda keçirilməsi iki ölkə arasındakı qardaşlığın, müttəfiqliyin bariz nümunəsidir. Festival müxtəlif müsabiqələr, sərgilər, mədəni proqramlarla əyləncəni özündə ehtiva etməklə yanaşı, iki ölkə arasında aviasiya, kosmos və texnologiya sahəsində əlaqələri möhkəmləndirir, bu sahədə fəaliyyət göstərən təşkilatların, qurumların əməkdaşlığı üçün şərait yaradır. Bu festival Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır.

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Qonaqları salamlayan dövlət başçımız nitqində dövlət müstəqilliyimizin əldə olunmasında və qorunmasında qardaş dövlətin dəstəyini vurğulayaraq qeyd etmişdir:

  “Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.”

Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilə bir daha təsdiqləndi. Dövlət başçılarımızın timsalında formalaşmış Azərbaycan-Türkiyə qardaşlığı hazırda çox böyük uğurla davam etdirilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımla bağlı məsələlərə də yer verilməsi olduqca önəmlidir. Bu, onu göstərir ki, ölkələrimiz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyinə töhfə verəcəklər. Təbii ki, qarşılıqlı hərbi təcrübənin öyrənilməsi olduqca vacibdir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də sənəddə əksini tapan məsələlər sırasındadır. Bununla ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əlaqələr daha da inkişaf edəcək. Şuşa Bəyannaməsi prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın timsalında bu iki qardaş, dost dövlətlərinin dostluğunun dünyaya daha bir nümayişi oldu. Prezident bunu nitqində xüsusilə vurğulamışdır: ” Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.”

Dövlət başçımız türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncəri  də “TEKNOFEST”in hörmətli qonağı qismində təqdim edərək bildirmişdir : “ Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gördüm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.”

Türkiyə Vətən savaşı zamanı Azərbaycana diplomatik müstəvidə, informasiya mübarizəsində, mənəvi dəstəkdə tək buraxmayıb. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir.

Festivalda Selçuk Bayraktarı səmimiyyətlə salamlayan prezident sözlərinə belə davam etmişdir:  “Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərkən bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qürurunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.”  Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif etmişdir.

Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qurulmuş dostluq və qardaşlıq münasbətləri bu gün Prezident İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qururumuzdur, dərdi, ağrısı , problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə biz də sevinərik ” sözləri hər birimizə qürur və iftixar verir.  Prezident İlham Əliyev nitqində Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu və bu dövlətlərin çox böyük sınaqlardan uğurla keçdiklərini də diqqətə çatdırıb: “ Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.”

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacaqdır.

Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!

                                                                                                                                                                             Ədibə İsmayılova

                                                                                                             M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 

                                                                                            Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini

                                                                                                                    Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                                                   “Xəqani 57” ərazi partiya təşkilatının sədri