18 dekabr 2025-ci il tarixində Türkiyəli alim - Yıldız Texniki Universitetinin fəlsəfə kafedrasının professoru Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.
Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, münasibətlərin mühüm forması olan mədəni əlaqələrin Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər üzündən zəiflədiyini bildirərək bu gün türk dövlətləri ailəsinə daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Direktor mədəniyyətlərimiz arasındakı tarixi və mədəni-mənəvi körpülərin respublikamızın müstəqillik illərində sürətlə bərpa edilməsi haqda danışıb, mədəni əlaqələrimizin hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəldiyini söyləyib və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir.
Prof. Dr. Caner Taslaman İstanbulda Elm, Fəlsəfə, Din Vəqfinin fəaliyyət göstərdiyini, əsas məqsədin cəmiyyətdə insanların elm, fəlsəfə və din sahəsində təhsil alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə dəyər qatmağa, ictimai inkişafa töhfə verməyə və gələcəyi işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.
O, Vəqfin elm, fəlsəfə və din sahələrində tədqiqatçılara dəstək olduğunu, mövcud və gələcək yerli və xarici tədqiqatları qiymətləndirərək müəllif hüquqları ilə qorunan və tərcümə edilmiş əsərləri dərc etdiyini, fəaliyyətlərini həyata keçirmək və daha geniş auditoriyaya çatdırmaq üçün görüşlər keçirdiklərini, seminarlar, kurslar vasitəsilə bədii fəaliyyətlərə və şəxsi inkişafa dəstək verdiklərini, sənədli filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yaydıqlarını, simpoziumlar, konfranslar və seminarlar təşkil etdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Prof. Dr. Caner Taslaman əsasən müasir elm-fəlsəfə-din münasibətlərinə dair xeyli kitabların müəllifidir və görüş zamanı alim müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Professor Kərim Tahirov dəyərli hədiyyələrə görə qonağa təşəkkür edərək, kitabların kitabxananın fondunda öz layiqli yerini tutacağını söyləyib və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonağa təqdim edib.
Sonra qonaqlar Milli Kitabxana ilə tanış olublar.