close
icon E-kataloq və kitabxana

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit Azərbaycan Milli Kitabxanasında qonaq olub

05-06-2023

İyunun 5-də Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit Azərbaycan Milli Kitabxanasında qonaq olub. Yeni təyin olunan Mədəniyyət və Tanıtım müşaviri ilk səfərlərindən birini Azərbaycan Milli Kitabxanasına edib.  Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonağı salamlayaraq qardaş türk xalqını və o cümlədən Mədəniyyət müşavirini bütün türk xalqının qazandığı mühüm qələbə münasibətilə təbrik edərək, cənab Tayyib Ərdoğanın qələbəsinin iki qardaş xalqın qələbəsi olduğunu bildirib.

Qonaq səmimi qəbul üçün və Türk xalqının qazandığı qələbəyə böyük dəyər verdiyinə görə qardaş Azərbaycan xalqına təşəkkürünü bildirərək, görüşdən çox məmnun olduğunu qeyd etmişdir.

Görüşdə Azərbaycan və Türkiyə Milli Kitabxanaları arasında dostluq əlaqələrinin genişlənməsi üçün mühüm olan planlardan danışılıb. Eyni zamanda qeyd edilib ki, birgə tədbirlərin, şeir gecələrinin, kitab mübadiləsinin həyata keçirilməsi vacibdir. Azərbaycan Milli Kitabxanasında olan Türkiyə guşəsi üçün yeni kitabların hədiyyə olunması məsələsi də müzakirə olunub.

Görüşün sonunda qonağa “Azərbaycanın Milli Kitabxanası.Fotoalbom”, “Azərbaycanın Xəritəsi”, “Qarabağın Qara Kitabı”, “Salam Azərbaycan” kitabları və “Sözləri Nizaminindir!” diski hədiyyə olunub. Qonaq  Kaşğarlı Mahmudun  “Divani Luğati`t-Türk”-ün Türkiyə kitabxanasında saxlanılan yeganə nüsxəsininin nəfis formatda çap nüsxəsini Milli Kitabxanaya hədiyyə edib.

icon

Foto qalereya