close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı və ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib

14-10-2025

14 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Türkmənistan mədəniyyəti günləri” çərçivəsində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı və ziyalıların iştirakı ilə dəyirmi masa  keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurban Elyasov, Türkmənistan Respublikasının Mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,   elm və mədəniyyət xadimləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub. Açılış mərasimində guşənin əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçıları guşə ilə tanış olaraq, sərgilənən kitabların iki ölkə arasında mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildiriblər.

Ziyalıların iştirakı ilə keçirilən dəyirmi masanı Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Türkmənistan və Azərbaycan qardaş xalqlardır. “Azərbaycanda Türkmənistan mədəniyyəti günləri” çərçivəsində “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı iki ölkə arasında mədəni əlaqələrin yeni mərhələsinin başlanğıcıdır və bu təşəbbüs gələcəkdə daha genişmiqyaslı tədbirlərin, o cümlədən elmi konfransların keçirilməsinə, eləcə də elm, ədəbiyyat və kitabxana sahəsində əməkdaşlığın inkişafına zəmin yaradacaq. Direktor həmçinin yaxın gələcəkdə Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanacağını, qarşılıqlı əlaqələrin və kitab mübadiləsinin genişlənəcəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Fərid Cəfərov son illərdə iki ölkə arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin bu mənada böyük əhəmiyyət daşıdığı qeyd olunub.

Türkmənistan Respublikası Mədəniyyət nazirinin müavini Nursəhet Şirimov Azərbaycanda türkmən ədəbiyyatına və mədəniyyətinə olan geniş maraq və diqqətdən məmnunluğunu bildirib. O, Milli Kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasına görə kitabxananın rəhbərliyinə təşəkkür edib. Nazir müavini həmçinin guşənin yeni nəşrlərlə davamlı zənginləşdirilməsi üçün addımlar atılacağını deyib.

AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında  “Azərbaycanda Türkmənistan mədəniyyəti günləri”nin keçirilməsini böyük tarixi əhəmiyyətə malik olan  mədəniyyət hadisəsi olduğunu bildirib. Azərbaycan və Türkmənistanın ortaq köklərə, dilə və mədəniyyətə malik olan qardaş xalqlar olduğunu vurğulayıb. Böyük türkmən şairi Məxtimqulu Fəraqinin yaradıcılığından ətraflı bəhs edən akademik AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunda  görkəmli türkmən şairi və mütəfəkkiri Məxtimqulu Fəraqi adına mərkəzin fəaliyyət göstərdiyini bildirib.

Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurban Elyasov ədəbiyyat və mədəniyyəti xalqlarımız arasında etibarlı körpü kimi səciyyələndirib. Mədəniyyət günlərinin keçirilməsinin  iki xalq arasında dostluğun,  həmrəyliyin güclənməsinə xidmət etdiyini söyləyib.  Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılmasını dostluq, qardaşlıq  münasibətlərinin simvolu adlandırıb və Milli Kitabxananın rəhbərliyinə təşəkkür edib.  Səfir yaxın gələcəkdə Türkmənistan Milli Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin yaradılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət  işçisi  Rəşad Məcid, Türkmənistan Respublikası Mədəniyyət nazirliyinin Yaradıcı işçilərlə iş şöbəsinin müdir müavini, şair,  tərcüməçi, Türkmənistanın Əməkdar mədəniyyət işçisi Akmurat Rəcəbov, AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Hikmət Quliyev, “Türkmənistan” qəzetinin xüsusi müxbiri, şair, tərcüməçi, Türkmənistan Prezidentinin  “Türkmənistanın qızıl əsri” mükafatı laureatı İsmayıl Taqanov, Türkmənistanın “Nesil” qəzetinin məsul katibi, şair,  tərcüməçi, Türkmənistan Prezidentinin “Türkmənistanın qızıl əsri” mükafatı laureatı Orazmurat Muradov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Məxtimqulu Fəraqi adına Türkmən ədəbiyyatı mərkəzi”nin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və başqaları çıxış ediblər.

Çıxışçılar Azərbaycan və Türkmənistanın mədəni və elmi əlaqələrinin  zəngin tarixə malik olduğunu vurğulayıblar. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Türkmənistanın mədəni və ədəbi irsi daha geniş oxucu auditoriyasına çatdırıla, ortaq nəşrlər və tərcümə layihələri uğurla həyata keçirilə bilər. Mədəniyyət və ədəbiyyat sahəsində keçirilən görüşlər gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, həmçinin gənc tədqiqatçıların və yazıçıların qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də iki ölkənin mədəniyyət sahəsində əməkdaşlıq imkanlarının daha da inkişafına şərait yaradacağı vurğulanıb.

icon

Foto qalereya