close
icon E-kataloq və kitabxana

“TÜRKSOY Media mükafatı”nın və Milli Kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasının təqdimatı keçirilib

27-09-2021

27 sentyabr tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Daimi Komitəsi və Milli Kitabxana 27 sentyabr “Anım günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsini geniş işıqlandıran türkdilli ölkələrin media mənsublarına TÜRKSOY Beynəlxalq təşkilatı tərəfindən “TÜRKSOY Media mükafatı” təqdim olunmuş media nümayəndələrinin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ilə görüşü və Milli Kitabxananın hazırladığı “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasının təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə tədbir iştirakçılarını salamlayıb. Daha sonra Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Direktor çıxışı zamanı bildirib ki, Azərbaycan xalqı, dünya azərbaycanlıları, Azərbaycanın dostları böyük Zəfər sevincini yaşayırlar. Bildiyimiz kimi, heç bir zəfər, azadlıq qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük Haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik. Biz bu günümüzə görə onlara borcluyuq. Zaman keçsə də, Azərbaycan xalqı heç vaxt öz şəhidlərini unutmayacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Anım Gününün, eləcə də Zəfər Gününün təsis edilməsi şəhidlərimizin ruhunun yaşadılması deməkdir. Sonra o, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında iştirak edən türkdilli ölkələrdən olan jurnalistlərə öz təşəkkürünü bildirib.

 Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək bildirib ki, bilavasitə TÜRKSOY-un baş katibi Dusen Kaseinovun təklifi ilə 44 günlük müharibə zamanı Azərbaycanın səsini dünyaya çatdıran jurnalistlərə “TÜRKSOY Media mükafatı”nın təsis olunması qərara alınmışdır. Biz Azərbaycanın həmin ölkələrdəki səfirliklərinə müraciət edərək 36 nəfər jurnalisti bu mükafata layiq görmüşük.

Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova iştirakçılara “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasını təqdim edib.  O, bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”, “Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “II Qarabağ müharibəsinin xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Erməni terroru”, “Videoqalereya” bölmələrindən ibarətdir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva çıxış edərək Mədəniyyət Nazirliyinə, Milli Kitabxana rəhbərliyinə və TÜRKSOY-a öz təşəkkürünü bildirib.  O, 44 günlük müharibə zamanı daim yanımızda olan bütün qardaşlarımıza, o cümlədən jurnalistlərə müraciət edərək Azərbaycanın səsi olduqlarına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırma işində iştirak etdiklərinə görə bir daha minnətdarlığını bildirib. O, Milli Kitabxananın əməkdaşları tərəfindən “Qarabağ Azərbaycandır! – 44 günlük II Qarabağ müharibəsi” adlı Elektron məlumat bazasının da hazırlanmasının təqdirəlayiq layihə olduğunu bildirərək, belə layihələrin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadığını qeyd edib.

Tədbirin sonunda Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Xorvatiyadan qatılan mətbuat nümayəndələrinə “TÜRKSOY Media mükafatı” təqdim olunub.

 

icon

Foto qalereya