20-10-2025
Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının və “Üzeyir Hacıbəyli-140” mövzusunda elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
İlk öncə Üzeyir Hacıbəylinin şah əsərlərindən biri olan “Koroğlu” uvertürası səsləndirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bildirib ki, Üzeyir bəy təkcə musiqişünas-alim və dahi bəstəkar deyil, həm də Azərbaycanın ən böyük şəxsiyyətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı sərəncama əsasən hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə "Milli Musiqi Günü" kimi qeyd olunur. Bu, eyni zamanda Beynəlxalq Musiqi festivalları ilə müşayiət olunur. Əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi dünyanın bir çox ölkələrində anılır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında dahi bəstəkar Üzeyir Hacıbəylinin həm Azərbaycan xalqı, həm də musiqiçilər üçün ilham mənbəyi olduğunu bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin sənəti tükənməz bir mənbədir. O, Üzeyir Hacıbəylinin irsinin müxtəlif aspektlərini, əsərlərini və elmi-pedaqoji fəaliyyətini əks etdirən bu fundamental biblioqrafiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan xalqı üçün doğma və müqəddəs bəstəkar, Azərbaycan musiqisinin “Peyğəmbəri” kimi səciyələndirib. O, Üzeyir bəyin adının bütün dünyada tanındığını qeyd edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən geniş tədbirlər planı hazırlanıb. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinin yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə qeyd olunduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb. Nazir müavini həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabının dahi bəstəkarın irsinin tanıdılması və tədqiqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu istiqamətdə işlərin davamlı olmasını arzulayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva çıxışında bildirib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, eləcə də xalqımızın milli düşüncəsinin və kimliyinin simvoludur. Əlavə edib ki, Üzeyir bəy cəmi 63 il yaşamasına baxmayaraq, tarixdə bir çox ilklərin müəllifi kimi əbədi iz qoyub. Sədr müavini Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını və elektron məlumat bazasını yüksək qiymətləndirərək bildirib ki, bu biblioqrafiya davam edən bir həyatın göstəricisidir və Üzeyir bəyin şəxsiyyətinə dərin ehtiramın ifadəsidir. Daha sonra Türk Mədəniyyəti və İsri Fondu tərəfindən İspaniyada nəşr olunan Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş poçt markasını və Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi “Qarabağın cizgiləri” kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri,Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Niyazi adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və başqaları çıxış ediblər.
Çıxışçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə geniş söhbət açaraq dahi bəstəkarın Azərbaycan musiqi tarixində unudulmaz əsərlər yaratdığını və milli musiqimizi dünya səviyyəsinə çatdırdığını vurğulayıblar. Onlar Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq nəşr olunan “Üzeyir Hacıbəyli. Biblioqrafiya” kitabını yüksək qiymətləndirərək Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, Üzeyir Hacıbəyli haqqında nəşr olunan hər bir əsərin böyük önəm daşıdığını qeyd ediblər.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Üzeyir Hacıbəyli-140” adlı elektron məlumat bazasının təqdimatı olub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.