27-06-2026
27 iyun tarixində Azərbaycan Milli Kitabxanasında Vatikan Apostol Kitabxanasının kitabxanaçısı və Vatikan Apostol Arxivinin arxivçisi Baş yepiskop Giovanni Cesare Pagazzi, Vatikan Apostol Kitabxanasının prefekti Ata Mauro Mantovani, Vatikan Apostol Arxivinin prefekti Ata Rocco Ronzani və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov qonaq olublar.
Qonaqları salamlayan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov nümayəndə heyətini kitabxanada görməkdən məmnunluğunu ifadə edərək, bu səfərin Azərbaycan ilə Vatikan arasında kitabxanaçılıq, arxiv işi və elmi-mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Kərim Tahirov qonaqlara Milli Kitabxananın fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, kitabxananın fondunda 5 milyona yaxın sənəd mühafizə olunur, elektron informasiya resurslarından istifadə edən onlayn oxucuların sayı 10 milyondan çoxdur, hər il isə 330 mindən artıq oxucu kitabxanadan istifadə edir. O, həmçinin vurğulayıb ki, Milli Kitabxana dünyanın 65 milli kitabxanası ilə əməkdaşlıq memorandumu imzalayıb və 90-dan artıq ölkə ilə beynəlxalq kitab mübadiləsi həyata keçirir.
Direktor Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsini Azərbaycanın mədəni irsinin qorunması və zənginləşdirilməsi baxımından mühüm tarixi hadisə olduğunu qonaqların nəzərinə çatdırıb.
Baş yepiskop Giovanni Cesare Pagazzi Azərbaycan Milli Kitabxanasında olmaqdan böyük məmnunluq duyduğunu bildirərək, səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. O, Azərbaycan Milli Kitabxanasının zəngin fonda, qədim əlyazmalara və müasir informasiya imkanlarına malik nüfuzlu elm və mədəniyyət ocağı olduğunu qeyd edib. Baş yepiskop ötən il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini ziyarət etdiyini xatırladıb.
Giovanni Cesare Pagazzi vurğulayıb ki, Azərbaycana cari səfəri çərçivəsində müxtəlif dövlət, elm və mədəniyyət müəssisələrinin nümayəndələri ilə məhsuldar görüşlər keçirilib. O, Azərbaycanın tarixi-mədəni irsinə, eləcə də türk xalqlarının irsinə aid qiymətli əlyazmaların müəyyənləşdirilməsi, bərpası, qorunması və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən birgə layihələrin uğurla davam etdiyini qeyd edib.
O, həmçinin, Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasında maraqlı olduqlarını vurğulayaraq, bu sənədin gələcək birgə elmi, kitabxanaçılıq və arxivçilik layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Sonda Baş yepiskop Giovanni Cesare Pagazzi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovu rəsmi səfərlə Romaya, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivinə dəvət edib.
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında son illərdə humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında qurulacaq əməkdaşlığın bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Vatikan Apostol Kitabxanasının prefekti Ata Mauro Mantovani bildirib ki, bu, onun Azərbaycana ikinci səfəridir. O qeyd edib ki, ilk dəfə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun dəvəti ilə Milli Kitabxananın 100 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə gəlib. Ata Mauro Mantovani həmin səfəri məmnunluqla xatırlayaraq, Azərbaycan xalqının qonaqpərvərliyini və Milli Kitabxana ilə qurulan səmimi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib.
Vatikan Apostol Arxivinin prefekti Ata Rocco Ronzani Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Vatikan Apostol Arxivi ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin inkişaf etdirilməsi, birgə elmi araşdırmaların və əlyazmaların öyrənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Direktor qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Tükənməz Xəzinə” kitablarını və Azərbaycan xəritəsini hədiyyə edib.
Daha sonra nümayəndə heyəti Azərbaycan Milli Kitabxanası ilə tanış olub. Qonaqlar kitabxananın mütaliə zallarını, Beynəlxalq əməkdaşlıq zalını, Nadir kitablar və Kitabxana muzeyi şöbəsini, həmçinin Not nəşrləri və səsyazmaları şöbəsini gəziblər. Onlar müxtəlif ölkələrin ədəbiyyat guşələri, qədim və nadir nəşrlər, miniatür kitab kolleksiyası, qiymətli eksponatlar, eləcə də Petrucci Musiqi Kitabxanası ilə tanış olublar. Nümayəndə heyətinə müəllif hüquqlarına riayət edilməklə Azərbaycan Milli Kitabxanası tərəfindən 450-dən artıq not nəşrinin bu beynəlxalq rəqəmsal musiqi kitabxanasına daxil edildiyi nümayiş etdirilib.
Səfərin sonunda xatirə şəkli çəkdirilib.