close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Milli musiqi xəzinəmizdən” layihəsi ilə nəşr etdiyi “Vətənpərvərlik mahnıları” adlı not məcmuəsini istifadəçilərə təqdim edib

20-05-2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində mühüm tarixi Qələbə əldə edilmiş və işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunmuşdur.

Milli Kitabxana müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən son dövrlərdə müzəffər ordumuzun zəfər yürüşünə dəstək olaraq cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, uzun illər işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizin dünyaya tanıdılması məqsədilə resurslarını maksimum dərəcədə istifadəçilərə yaxınlaşdırmaq üçün böyük səy göstərmişdir.

 Kitabxanada “Qarabağ Azərbaycandır!”, “Qarabağ abidələri”, “Qarabağ xalq sənətkarlığı”, “Qarabağ geyimləri”, “Qarabağ xalçaları” adlı elektron sərgilər Azərbaycan və ingilis dillərində hazırlanmış və virtual rejimdə təqdim edilmişdir.

Görülən işlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihəsi olan “Milli musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” seriyasından “Vətənpərvərlik mahnıları” adlı səs və fortepiano üçün not məcmuəsi nəşr olunub. Not məcmuəsinə “Azərbaycan bayrağına” (mus. Aygün Səmədzadə, söz. Əhməd Cavad); “Azərbaycan” (mus. Aygün Səmədzadə, söz. Qənirə Paşayeva); “Vətənin övladları” (mus. Lalə Cəfərova, söz. Ramiq Muxtar); “Unutmayacağıq da” (mus. Nərminə Nağıyeva, söz. Şahin Musaoğlu); “Azərbaycan” (Mus. və sözləri Fərid Fətullayev); “Qələbəyə gedən yollar” (mus. Azad Zahid, söz. Abdulla Qurbani); “Zəfər çağırır bizi” (mus. Pikə Axundova, söz. Şahin Musaoğlu); “Əsgər marşı” (mus. Cavanşir Quliyev, söz. Əli Kami); “Milli Ordumuz” (mus. Eldar Babayev, söz. Hikmət Ziya); “Azadlıq Günü” (mus. Azər Hacıəsgərli, söz. Rəsul Rza) səs və fortepiano üçün musiqi əsərləri daxil edilmişdir.

Bu məcmuələrin bütün musiqi məktəblərinə və Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə göndərilməsi təmin edilmişdir.

Not məcmuəsi ilə tanış olmaq istəyənlər http://anl.az/down/vetenperverlik.pdf  linkindən istifadə edə bilərlər.