12-08-2026
12 avqust 2026-cı il tarixində Milli Kitabxanada Xalq şairi Qabilin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Qabil - 100” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə şairin şeirləri, şeirləri, tərcümələri, tərtibçisi, ön söz müəllifi, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xalq_sairi_Qabil/index.htm linkindən istifadə edə bilərlər.
Çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1944–1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb, 1954–1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində ali ədəbiyyat kurslarında müdavim olub.
Əmək fəaliyyətinə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi başlayan Qabil daha sonra “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri (1951–1953), “Kommunist”qəzetində tərcüməçi-redaktor (1954), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru (1957–1958), “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri (1960–1972), “Azərbaycan” jurnalında ədəbi işçi və baş redaktorun müavini (1975–1979) vəzifələrində çalışıb.
Qabilin “Gəl, baharım!” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunub. Şairin 1950-ci ildə “Səhər açılır” adlı ilk kitabı nəşr edilib, daha sonra “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və digər kitabları oxucuların rəğbətini qazanıb.
Onun yaradıcılığı lirizmi, humanist ideyaları, sosial və mənəvi problemlərin bədii ifadəsi ilə seçilir. Milli ədəbi ənənələrə əsaslanan poeziyası mövzu rəngarəngliyi, dilinin axıcılığı və realist təhkiyəsi ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfə verib. Şairin “Nəsimi” mənzum romanı, “Ömrün həbləri” satirik romanı, minlərlə rübaisi, uşaqlar və yeniyetmələr üçün yazdığı “Nağaraçı” kitabı eləcə də “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Beşiyimdir – məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi poetik nümunələri yaradıcılığının əsas məqamlarını təşkil edir.
Qabilin əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub. Şairin ədəbi irsi müxtəlif illərdə nəşr olunmuş külliyyat və toplularda geniş şəkildə təqdim edilib. “Seçilmiş əsərləri” (2004), “Nəsimi” (I–III kitab, 1980), “Ömrün həbləri” (1989), “İlahi qisməti” (2001), “Dostlarım, tanışlarım” (2002), “Seçilmiş əsərləri”nin iki cildi (2016) və “Əsərlər” adlı yeddi cildlik külliyyatı (2017). Qabilin ədəbi və ictimai fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib.
2001-ci ildə “Azərbaycan Telefilm” tərəfindən şairə həsr olunan “Qabil” filmi istehsal edilmişdir.
O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb, 1980-ci ildə “Əmək igidliyinə görə” medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib, 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq şairi” adlarını alıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanları ilə 1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə isə “İstiqlal” ordeni ilə təltif olunub.