close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Sabir Rüstəmxanlı” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

20-05-2026

19 may 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Sabir Xudu oğlu Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

20 may 2026-cı il tarixində Milli Kitabxanada Xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Xalq şairi Sabir Rüstəmxanlı” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə şairin şeirləri, romanları, poemaları, tərcümələri, tərtibçisi, ön söz müəllifi, redaktoru olduğu kitablar, həyat və yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları  nümayiş olunur.

Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Orta təhsilini doğma kəndində başa vuran Sabir Rüstəmxanlı 1963–1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.

O, uşaqlıq illərindən ədəbiyyata böyük maraq göstərib. On bir yaşında qələmə aldığı “Kəndim” adlı ilk şeiri 1957-ci ildə “Yenikənd” qəzetində dərc olunub, 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində çap edilən “Kənd yolu” şeiri isə onun ədəbi mühitdə tanınmasına səbəb olub. “Tanımaq istəsən...” adlı ilk kitabı 1970-ci ildə nəşr edilib.

Sabir Rüstəmxanlının yaradıcılığı milli düşüncəyə, azadlıq ideallarına, insanın mənəvi bütövlüyünə və Vətənə məhəbbətə əsaslanır. Onun “Sevgim, sevincim” (1974), “Ömür kitabı” (1988), “Atamın ruhu” (2002), “Xətai yurdu” (2003), “Akademikin son əsəri” (2017), “Astar” (2018), "Qarabağa dönüş" (2021), "Atamın ruhu" (2022), "Vətəndaşlığın əlifbası" (2022), "Ölüm son deyil: Tanıdığım Heydər Əliyev" (2023), "Şair və şər" (2024) və digər kitabları Azərbaycan poeziyasının mənəvi və bədii dəyərlər sistemində mühüm yer tutur. 2021-2025-ci illərdə 15 cildlik "Seçilmiş əsərləri" çap olunub.

O, həmçinin “Babadağ” (2006), “Payızın 17 anı” (2007), “Zəlimxan dastanı” (2007), “Cavad xan” (2007) kimi filmlərin ssenari müəllifidir.

Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş, beynəlxalq ədəbi-mədəni aləmdə geniş tanınıb. 

Yazıçı, publisist və ictimai xadim Sabir Rüstəmxanlının çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, 2005-ci ildə “Xalq şairi” fəxri adı, 2021-ci illərdə “Şöhrət” ordeni, 2021-ci ildə "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı ilə təltif edilib.

       

 

icon

Foto qalereya