close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xaqani Şirvani. Biblioqrafiya”kitabının təqdimat mərasimi keçirilib

14-10-2026

14 oktyabr 2026-cı il tarixində M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən birgə nəşr edilmiş “Xaqani Şirvani. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayaraq Xaqani Şirvaninin Azərbaycan və dünya ədəbiyyatı tarixində tutduğu müstəsna mövqedən, onun zəngin ədəbi-fəlsəfi irsinin ümumbəşəri əhəmiyyətindən bəhs edib. Bildirib ki, XII əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Xaqani Şirvani yüksək poetik sənətkarlığı, dərin fəlsəfi düşüncəsi və humanist ideyaları ilə Şərq ədəbi fikrinin inkişafına əvəzsiz töhfələr verib. Şairin yaradıcılığında insan mənəviyyatı, ədalət, azadlıq, vətənə məhəbbət və cəmiyyətin mənəvi problemləri kimi mühüm məsələlər yüksək bədii ifadəsini tapıb.

Professor Kərim Tahirov qeyd edib ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr edilmiş “Xaqani Şirvani. Biblioqrafiya” kitabı böyük şairin 900 illik yubileyinə həsr olunmuş mühüm elmi-biblioqrafik nəşrdir. O, bu fundamental vəsaitin Xaqani Şirvaninin ədəbi irsinin sistemli şəkildə öyrənilməsi, şairin həyat və yaradıcılığına dair mənbələrin bir araya gətirilməsi və gələcək elmi araşdırmalar üçün etibarlı informasiya bazasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rəfael Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və həmin institutun əməkdaşı, filologiya elmləri doktoru Könül Hacıyeva çıxış ediblər.

Çıxışlarda Xaqani Şirvaninin Azərbaycan ədəbi-fəlsəfi fikir tarixindəki mövqeyi, onun poetik irsinin bədii-estetik xüsusiyyətləri, yaradıcılığının elmi tədqiqinin aktuallığı və Milli Kitabxana tərəfindən nəşr edilmiş biblioqrafiyanın elmi əhəmiyyəti geniş şəkildə dəyərləndirilib. Bildirilib ki, bu fundamental nəşr Xaqanişünaslığın elmi-biblioqrafik mənbə bazasının zənginləşdirilməsinə, şairin ədəbi irsinin daha əhatəli araşdırılmasına və beynəlxalq elmi mühitdə tanıdılmasına mühüm töhfə verəcək.

1265–2026-cı illərə aid materialları əhatə edən fundamental biblioqrafik vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, əsərlərindən nümunələr, görkəmli şəxsiyyətlərin Xaqani Şirvani haqqında fikirləri, əsərlərinin əlyazma nüsxələri və çap nəşrləri, dövri mətbuatda, dərslik və məcmuələrdə dərc olunmuş əsərləri, eləcə də həyat və yaradıcılığına həsr edilmiş elmi-tədqiqat işləri və dissertasiyalar sistemli şəkildə öz əksini tapıb.

Biblioqrafik vəsait ədəbiyyatşünas alimlər, şərqşünaslar, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də klassik Azərbaycan ədəbiyyatı ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Tədbirin bədii hissəsində qiraətçi Hüseynağa Aslanov Xaqani Şirvaninin iki qəzəlini səsləndirib.

Mərasim çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Əfzələddin Xaqani Şirvani” (https://anl.az/el/emb/Xaqani_Sirvani/index.html) adlı elektron məlumat bazasının təqdimatı da keçirilib. 

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

icon

Foto qalereya