close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xurşidbanu Natəvan – 190” adlı elektron daycest virtual rejimdə istifadəçilərə təqdim edilib

19-07-2022

2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir.

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Natəvan parlaq istedada və qabağcıl ideallara malik olan şəxsiyyət olmuşdur. Onun Azərbaycan mədəniyyətində və ictimai həyatında qoyduğu izlər böyük və əhəmiyyətlidir.

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun keçirilən tədbirlərin davamı olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Xurşidbanu Natəvan – 190adlı elektron daycest hazırlanıb.

Təqdim olunan daycestdə - (“digest”- ingilis dilindən tər­cümədə “xülasə”, “toplu” mənasını verir) Xurşidbanu Natəvan ilə bağlı 2018-2022-ci illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunmuşdur.

Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini şairənin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarət­dir. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.

Elektron daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/X.Natevan.pdf linkindən istifadə edə bilərlər.