close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 noyabr – Zəfər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

07-11-2026

7 noyabr 2026-cı il tarixində Milli Kitabxanada “8 noyabr – Zəfər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Zəfər tariximiz haqqında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlərhttps://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə əbədiləşdirilib.  Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i “Zəfər Günü” elan edilib.

2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlayıb.

Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gündür.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf edib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan Qələbə ilə tamamlanıb.

8 noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilib. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.

 

icon

Foto qalereya