6 noyabr 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər zalı”nın təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, , Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Milli Kitabxananın əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq xalqımızın tarixi Qələbəsinin altıncı ildönümü münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Milli Kitabxanada yaradılmış “Zəfər zalı” xalqımızın qəhrəmanlıq tarixinin, milli yaddaşının və tarixi Qələbəmizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Kərim Tahirov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Direktor Milli Kitabxananın xalqın tarixi yaddaşını qoruyan və gələcək nəsillərə ötürən mühüm mədəniyyət və elm ocağı olduğunu vurğulayaraq bildirib ki, “Zəfər zalı”nda 44 günlük Vətən müharibəsinə, tarixi Qələbəmizə, Azərbaycan Ordusunun qəhrəmanlığına, şəhidlərimizin şərəfli həyat və döyüş yoluna, eləcə də Zəfərin qazanılmasında mühüm rol oynamış şəxsiyyətlərin fəaliyyətinə həsr olunmuş nəşrlər bir araya gətirilib. Gələcəkdə zalın fondunun daha da zənginləşdirilməsi, oxucuların və tədqiqatçıların istifadəsinə geniş imkanların yaradılması nəzərdə tutulur.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna yer tutduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə xalqımızın çoxillik arzularını gerçəkləşdirib, Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirib.
Polad Bülbüloğlu işğaldan azad edilmiş Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, şəhərin tarixi-mədəni simasının dirçəldilməsindən danışıb. O, Milli Kitabxanada “Zəfər zalı”nın açılmasını yüksək qiymətləndirərək bu təşəbbüsün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və tarixi yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, zalda Milli Qəhrəmanlarımızın portretlərinin nümayiş etdirilməsi ilə bağlı təklifini səsləndirib.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkəmizin müasir tarixinin ən mühüm hadisələrindən biridir.
Nazir müavini qeyd edib ki, Vətən müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi hadisələrin elmi cəhətdən araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Bu baxımdan Milli Kitabxanada yaradılmış “Zəfər zalı” yalnız kitabların nümayiş olunduğu məkan deyil, həm də tədqiqatların aparılacağı, tarixi həqiqətlərin öyrəniləcəyi və ictimaiyyətin maarifləndiriləcəyi mühüm mərkəz kimi fəaliyyət göstərəcək.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə tarixi Zəfərimizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyimizin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması baxımından əhəmiyyətindən danışıb. O, qazanılmış Qələbənin yalnız hərbi sahədə deyil, ictimai-siyasi, mədəni və humanitar sahələrdə də davamlı uğurlarla möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Milli Kitabxanada “Zəfər zalı”nın açılmasını əlamətdar hadisə kimi qiymətləndirərək bu təşəbbüsün Zəfər tariximizin yaşadılmasına xidmət etdiyini bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik, filologiya elmləri doktoru, professor Nizami Cəfərov çıxışında tarixi Zəfərimizin Azərbaycan xalqının milli özünüdərkinin və tarixi yaddaşının bərpasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, Zəfər qazanmaq qədər onun tarixi əhəmiyyətini dərk etmək, qorumaq və gələcək nəsillərə ötürmək də vacibdir. Akademik Milli Kitabxanada belə bir zalın fəaliyyətə başlamasını xalqımızın qəhrəmanlıq salnaməsinin yaşadılması baxımından yüksək qiymətləndirib. O, kitabxanaların yalnız informasiya və mütaliə məkanı deyil, həm də milli-mənəvi dəyərlərin qorunduğu, insanın mənəvi dünyasının zənginləşdiyi mühüm mədəniyyət ocaqları olduğunu vurğulayaraq Milli Kitabxananın kollektivinə təşəkkürünü bildirib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında xalqımızın tarixi Qələbəsinin milli ədəbiyyatımızda, ictimai düşüncəmizdə və mənəvi həyatımızda əks olunmasından danışıb. Azərbaycan xalqının qəhrəmanlıq və mübarizə ruhunun klassik ədəbiyyatımızda da öz ifadəsini tapdığını vurğulayan akademik dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına müraciət edib. O, Vətən müharibəsində qazanılmış Zəfərin xalqımızın birliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın rəhbərliyi nəticəsində mümkün olduğunu qeyd edib.
“525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxışında Azərbaycan Milli Kitabxanasının Vətən müharibəsindən sonra tarixi Qələbəmizin təbliği istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Bildirib ki, Zəfər tariximizə həsr olunmuş çoxsaylı kitabların təqdimatı məhz Milli Kitabxanada keçirilib və “Zəfər zalı”nın açılışı bu istiqamətdə görülən işlərin davamıdır.
Rəşad Məcid 44 günlük Vətən müharibəsi, Şuşanın işğaldan azad olunması və şəhərdə keçirilən mədəni tədbirlərlə bağlı xatirələrini bölüşüb. Çıxışının sonunda Şuşaya həsr etdiyi şeirini səsləndirib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında Milli Kitabxanada “Zəfər zalı”nın açılmasını tarixi Qələbəmizin əbədiləşdirilməsi və gənc nəsillərin vətənpərvərlik ruhunda maarifləndirilməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirib. O, Vətən müharibəsində qazanılmış Zəfərin xalqımızın milli birliyinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb, bu tarixi hadisənin gələcək nəsillərə çatdırılmasında mədəniyyət və elm müəssisələrinin rolunu qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “8 Noyabr – Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.
Tədbirin sonunda qonaqlar “Zəfər zalı” ilə yaxından tanış olub, burada nümayiş etdirilən nəşrlərə və tarixi materiallara baxıblar.