close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

01-08-2026

1 avqust 2026-cı il tarixində Milli Kitabxanada  “Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günü”münasibətilə  “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili  Günü”    adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycan Əlifbası və dili haqqında rəsmi sənədlər, Azərbaycan dilinin inkişaf yolları, əlifbanın yaranması, qarşıya çıxan çətinliklərdə Ümummilli lider Heydər Əliyevin qayğısı, dövlət dili kimi formalaşmasında dəstəyi, sözün insan həyatında rolu, natiqliyin gözəlliyi, dil bazasının zənginləşməsində dilçiliyin rolundan, Azərbaycanın görkəmli şəxslərinin dilimiz haqqında fikirləri, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən, dil siyasəti və mədəniyyəti, dil qanunları haqqında dərsliklər, monoqrafiyalar və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,  dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm   linkindən istifadə edə bilərlər.

 

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə bir daha xatırladır ki, dil xalqın ən müqəddəs mənəvi sərvəti, milli varlığının əsas rəmzi və dövlətçiliyimizin əbədi dayağıdır.

Azərbaycan dilinin yazılı inkişaf tarixi müxtəlif əlifba sistemləri ilə sıx bağlı olub. XX əsrdə xalqımız üç dəfə əlifba dəyişikliyi yaşamışdır ki, bu da milli-mədəni irsin qorunmasına, elmi və ədəbi varisliyə müəyyən təsirlər göstərib.

Əsrlər boyu Azərbaycan xalqı ərəb qrafikasından istifadə edib. Bu əlifba klassik Azərbaycan ədəbiyyatının, elmi-fəlsəfi fikrin və dini-mədəni irsin formalaşmasında mühüm rol oynayıb.

1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultay türk xalqlarının latın qrafikasına keçidi istiqamətində tarixi dönüş nöqtəsi oldu. Qurultayın qərarları əsasında 1929-cu ildən Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqinə başlanıldı. Bu islahat savadsızlığın aradan qaldırılması, təhsilin inkişafı və maarifçiliyin genişlənməsi baxımından mühüm nəticələr verdi.

Lakin SSRİ rəhbərliyinin siyasi konyunkturası və türk xalqları arasında ortaq mədəni bağların zəiflədilməsi məqsədilə 1939-cu ildə Azərbaycan əlifbası məcburi şəkildə kiril qrafikası ilə əvəz edildi.

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, saflığının qorunması və latın qrafikalı əlifbaya tam keçidin təmin olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. 

Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. 

Müstəqil Azərbaycanın uğurlu dil siyasəti nəticəsində ana dilimiz bu gün beynəlxalq münasibətlərdə, elm və təhsildə, informasiya-kommunikasiya texnologiyalarında və rəqəmsal mühitdə öz mövqeyini daha da möhkəmləndirir.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan dilinin tətbiq coğrafiyasını da genişləndirib. Bu gün Qarabağ və Şərqi Zəngəzurda dövlət idarəçiliyi, təhsil, mədəniyyət və ictimai həyatın bütün sahələrində Azərbaycan dili hakim mövqedədir.

Dilimizi qorumaq, saflığını yaşatmaq, zənginləşdirmək və gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

icon

Foto qalereya