close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

11-11-2022

12 Noyabr – Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.

Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilmişdir. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.

Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/12Noyabr_Konstitusiya_gunu/index.htm linkindən istifadə edə bilərlər.