close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “2 fevral - Azərbaycan Gəncləri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

02-02-2026

Milli Kitabxanada “2 fevral - Azərbaycan Gəncləri Günüdür” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Ənənəvi sərgidə gənclər siyasəti ilə bağlı normativ hüquqi sənədlər toplusu, Heydər Əliyev və Azərbaycan Respublikasında gənclər siyasəti, Prezident İlham Əliyev və müasir Azərbaycan gəncləri, gənclərdə vətənpərvərlik ruhunun formalaşması, Azərbaycan gəncləri statistik məcmuələri, gənc yazarlar, gənc tədqiqatçıların elmi əsərləri, Azərbaycan gəncliyinin Vətən Müharibəsi dövründəki fəaliyyəti, həmçinin Böyük Zəfərin ardınca vüsət götürən Qarabağın yenidən dirçəldilməsi prosesindəki iştirakı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, gənclərdə milli mənlik, vətənə sədaqət ruhu aşılayan mahnıların müsiqi notları nümayiş olunur.

Virtual sərgidə rəsmi sənədlər, dövlətin gənclər siyasəti, Heydər Əliyevin gənclər siyasəti və sevgisi, İstedadlı gənclərin Azərbaycanın dayanıqlı inkişafında rolu, gənvlərdə milli ruh və s. mövzularda dövri mətbuatda çap olunan məqalələr, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında rolundan bəhs edən Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir.

Ulu Öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayir.

Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək məqsədilə Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib.

Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, onlarda dərin vətənpərvərlik ruhu formalaşdırıb. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş Vətən müharibəsində Zəfər salnaməsi yazıb.

icon

Foto qalereya