close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

27-05-2022

1992-ci il mayın 27-də parlament  “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlanmışsa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir.

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlət himni haqqında demişdir: “Azərbaycanın gözəl himni var... Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıbdır. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir”. Dövlət himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin - azərbaycançılığımızın müqəddəs rəmzidir.

Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.

Azərbaycan Dövlət Himninin qəbul olunmasının 30 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycan himni haqqında rəsmi sənədlər, fotolar, dövlət rəmzləri haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Dovlet_Himni/index.htm linkindən istifadə edə bilərlər.