close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında “20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və Şövqi Bünyatovun “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir.

18-01-2018

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar olaraq M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və Şövqi Bünyatovun “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açmışdır. Kitabxananın direktoru 1990 cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən 28 il keçdiyini, bu anım gününün hər il olduğu kimi bu il də dövlətimiz tərəfindən, bütün dünyada Azərbaycan nümayəndəlikləri tərəfindən yüksək səviyyədə keçirildiyini diqqətə çatdırmış, bu faciənin hər kəsin hüznlə, ağrı ilə anmasını, eyni zamanda qürur hissi duyduğunu bildirmişdir. Sonra bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Professor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində 20 Yanvar Fondu tərəfindən hazırlanmış, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı olan, “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” adlı kitab haqqında ətraflı məlumat vermişdir. O, kitabda yanvar hadisələrində Ümummilli Lider Heydər Əliyevin öz millətinə göstərdiyi mənəvi dəstəyin araşdırıldığını söyləmiş və kitabın ən yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin – 1990-cı il 20 Yanvar faciəsinin və 2016-cı il aprel döyüşlərinin təhlilinə həsr edildiyini qeyd etmişdir.

Sonra söz təqdimatı olan “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının müəllifi Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, 20 Yanvar Fondunun sədri Şövqi Bünyatova verilmişdir. Müəllif kitab haqqında xülasə vermiş, 20 yanvar hadisələrindən və Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına verdiyi mənəvi dəstəkdən söhbət açmışdır.

Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru , dosent Sübhan Talıblı da öz növbəsində zaman –zaman xalqımızın başına gətirilən faciələrdən ürək ağrısı ilə söz açmış, 20 Yanvar faciəsinin xalqımızın tarixində bir oyanış hərəkatı olduğunu bildirmişdir. Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “20 Yanvar- Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisi ilə tanış olmuşlar.