25-03-2026
Macarıstanın paytaxtı Budapeştdə yerləşən Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tahir Tağızadə, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa, Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin İctimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze, Xarici İşlər və Ticarət Nazirliyinin təhsil, təqaüd proqramları və elmi diplomatiya üzrə dövlət katibinin müavini Dr. İmre Adam Szücz, eləcə də hər iki ölkənin mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri açan Macarıstan Milli Kitabxanasının direktoru David Rozsa Macarıstan ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. David Rozsa Seçeni Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki xalq arasında mədəni dialoqun və əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib.O bildirib ki, kitabxanalar yalnız bilik mənbəyi deyil, həm də müxtəlif xalqları, dilləri və mədəniyyətləri birləşdirən mühüm mədəni platformalardır. Onun sözlərinə görə, bu cür layihələr xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və ortaq dəyərləri ön plana çıxarır.Direktor qeyd edib ki, Azərbaycan Milli Kitabxanası ilə Milli Seçeni Kitabxanası arasında əməkdaşlıq uğurla inkişaf edir və 2032-ci ilə qədər qüvvədə olan razılaşma birgə layihələr üçün möhkəm əsas yaradır.David Rozsa vurğulayıb ki, son illərdə Azərbaycan tərəfinin dəstəyi ilə kitabxananın fondu Azərbaycan nəşrləri ilə zənginləşdirilib və hazırda oxucular üçün 150-dən artıq Azərbaycan kitabı təqdim olunur. Bu nəşrlər ölkənin tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında dolğun təsəvvür yaradır.O, həmçinin xatırladıb ki, 2024-cü ildə Bakıda Macarıstan Ədəbiyyatı Bölməsinin açılması qarşılıqlı mədəni əməkdaşlığın bariz nümunəsidir və Budapeştdə Azərbaycan guşəsinin yaradılması bu əməkdaşlığın davamıdır.
Sonda direktor bu təşəbbüsün gələcəkdə yeni layihələrə, sərgilərə və mədəni proqramlara zəmin yaradacağına əminliyini ifadə edib və layihənin həyata keçirilməsində əməyi olan bütün tərəflərə təşəkkürünü bildirib.
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tahir Tağızadə çıxış edərək Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib. O bildirib ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələr son illərdə bütün sahələr üzrə, xüsusilə mədəniyyət istiqamətində dinamik şəkildə inkişaf edir.Səfir vurğulayıb ki, bu cür təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatının Macarıstanda təqdim olunması ölkəmizin zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. O, qeyd edib ki, Azərbaycan ədəbiyyatı əsrlər boyu formalaşaraq humanizm, tolerantlıq və multikultural dəyərləri özündə ehtiva edir və bu dəyərlər bu gün də актуallığını qoruyur. Əlavə edib ki, yaradılan bölmə macar oxuculara Azərbaycan xalqının tarixi, düşüncə tərzi və ədəbi ənənələri ilə yaxından tanış olmaq imkanı verəcək.
Səfir həmçinin bildirib ki, iki ölkə arasında kitabxanalar və təhsil müəssisələri səviyyəsində əməkdaşlıq uğurla davam etdirilir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif layihələr həyata keçirilir, kitab mübadiləsi aparılır və qarşılıqlı mədəni təşəbbüslər dəstəklənir.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bildirib ki, bu təşəbbüs Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətlərinin və mədəni əməkdaşlığın növbəti mühüm göstəricisidir, kitabxanalar yalnız informasiya mərkəzləri deyil, həm də xalqların tarixi yaddaşını və milli-mənəvi dəyərlərini qoruyan vacib mədəniyyət ocaqlarıdır.
Direktor xatırladıb ki, hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum 3 fevral 2022-ci ildə imzalanıb və bu sənəd birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradıb. Onun sözlərinə görə, Budapeştdə açılan Azərbaycan Ədəbiyyatı Bölməsi həmin əməkdaşlığın uğurlu nəticələrindən biridir. Azərbaycan ədəbiyyatı zəngin tarixi inkişaf yolu keçərək humanizm, tolerantlıq və multikultural dəyərləri özündə əks etdirir və bu bölmə macar oxucuların Azərbaycan mədəniyyətini daha yaxından tanımasına şərait yaradacaq.
O, həmçinin qeyd edib ki, qarşılıqlı əlaqələr çərçivəsində 2024-cü ildə Bakıda Azərbaycan Milli Kitabxanasında “Macarıstan Ədəbiyyatı Bölməsi” açılıb və bu cür təşəbbüslər iki ölkə arasında ədəbi əlaqələrin genişlənməsinə xidmət edir.Professorlayihənin həyata keçirilməsində əməyi olan tərəflərə təşəkkür edib və bu əməkdaşlığın gələcəkdə yeni elmi və mədəni layihələrə yol açacağına əminliyini ifadə edib.
Sonda o, Azərbaycan Ədəbiyyatı Bölməsinin gələcəkdə yeni mədəni layihələrə və dostluq əlaqələrinə töhfə verəcəyinə əminliyini ifadə edib və layihənin həyata keçirilməsində əməyi olan bütün tərəflərə təşəkkürünü bildirib.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Dr. Adam Imre Szücz çıxışında bu təşəbbüsün Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb. O bildirib ki, yeni yaradılan kitab bölməsi macar oxuculara Azərbaycanın zəngin ədəbiyyatı, tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.Dövlət katibi qeyd edib ki, kitablar mədəni diplomatiyanın ən güclü vasitələrindən biridir və xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bu baxımdan Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi kitabxanalararası əməkdaşlığı daim prioritet istiqamətlərdən biri kimi dəstəkləyir.O, həmçinin vurğulayıb ki, Nazirliyin nəzdində fəaliyyət göstərən Banffy Miklos Kitabxanası on ildə dünyanın 50-dən çox ölkəsində, 80 şəhərdə fəaliyyət göstərən kitabxanalara 5 mindən artıq kitab hədiyyə edib. Hazırda isə Santyaqo, Ulan-Bator, Haaqa, Kuala Lumpur və Lendvada yeni kitab guşələrinin açılışı üçün hazırlıq işləri aparılır.Çıxışda Milli Seçeni Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası əməkdaşlığının xüsusi əhəmiyyəti qeyd olunub və bu tərəfdaşlığın hər iki ölkənin hökumətləri, eləcə də diplomatik nümayəndəliklər tərəfindən dəstəkləndiyi bildirilib.Dr. Szücz əlavə edib ki, kitablar yalnız oxucular üçün deyil, həm də xarici dillərin öyrənilməsi baxımından mühüm rol oynayır.Bu kontekstdə Bakıda Azərbaycan Dillər Univereitetində macar dilinin, Budapeştdə isə Lorand Univerditetində Azərbaycan dilinin tədrisinin əhəmiyyəti xüsusi vurğulanıb.
Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyinin İctimai kolleksiyalar və mədəni inkişaf üzrə dövlət katibinin müavini Mate Vincze çıxış edərək Azərbaycan Ədəbiyyatı Bölməsinin açılışını iki ölkə arasında mədəni əməkdaşlığın mühüm nailiyyəti kimi qiymətləndirib. O bildirib ki, bu təşəbbüs Macarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.Mate Vincze qeyd edib ki, kitabxanalar xalqlar arasında mədəni körpü rolunu oynayır və Azərbaycan ədəbiyyatının Macarıstanda təqdimatı oxucular üçün yeni imkanlar yaradır.O vurğulayıb ki, Macarıstan hökuməti mədəni əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir və bu cür layihələr qarşılıqlı anlaşmanı gücləndirir.Tədbirin sonunda Kərim Tahirov rəsmi qonaqlara kitab hədiyyə edib. İştirakçılar Azərbaycan Ədəbiyyatı Bölməsi ilə yaxından tanış olub, burada nümayiş etdirilən kitab və nəşrlərlə maraqlanıb, həmçinin xatirə şəkilləri çəkdiriblər.