close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib

02-07-2026

 

2 iyul tarixində Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

İlk olaraq “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanışlıq olub, dövlət himni səsləndirilib, Birinci Türkoloji Qurultay iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin olduğunu, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinin böyük perspektivlərdən xəbər verdiyini qeyd edib.

Natiq 1926-cı ilin fevralında Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının dilləri, mədəni irsi və elmi əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri geniş şəkildə bir araya topladığını söyləyib, qurultayın tarixi əhəmiyyətindən danışıb.  

O,   Birinci Türkoloji Qurultayın 80, 90 və 100 illik yubileylərinin Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək səviyyədə qeyd edildiyini, son sərəncamla müəyyənləşdirilmiş vəzifələrin həyata keçirilməsi çərçivəsində əhəmiyyətli elmi-təşkilati tədbirlərin reallaşdırıldığını, mövzunun müxtəlif aspektlərini sistemli şəkildə işıqlandıran fundamental tədqiqatlar və elmi nəşrlər meydana çıxdığını söyləyib, Milli Kitabxananın da yubiley ilinə töhfə olaraq “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarını hazırlayaraq çap etdiyini vurğulayıb. Direktor, həmçinin Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova açaraq qonaqları türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bu tarixi hadisəyə həsr olunmuş tədbirdə görməkdən məmnunluğunu ifadə edib, dövlət başçısı cənab İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” ifadəsini səsləndirib, onun ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində gördüyünü vurğulayıb.

Nazir müavini iki əlamətdar hadisəyə görə bir araya gəlindiyini söyləyib. O, ortaq tarixə, mədəniyyətə malik olan türk dövlətlərinin milli kitabxanalarının birliyinin məhz Milli Kitabxanada 2024-cü ilin dekabr ayında təsis edildiyini, birgə ortaq layihələrin həyata keçirilməsi istiqamətində işlərin nəzərdə tutulduğunu qeyd edib, professor Kərim Tahirovun sədrliyi ilə bu işlərin öhdəsindən layiqincə gəlinəcəyini bildirib, Birliyin işinə uğurlar arzulayıb.

Natiq, həmçinin Kitabxana tərəfindən nəşr edilmiş “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

AMEA-nın prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradılmasının Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlardan biri olduğunu, bu təşəbbüsün, eyni zamanda, Qurultayın müəyyən etdiyi məqsəd və prinsiplərin gələcək mərhələdə təşkilatlanmış şəkildə davam etdirilməsinə xidmət edən mühüm platforma olacağını söyləyib.

Akademik Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatını həm mətnin tam və dəqiq bərpası, həm də yüksək poliqrafik keyfiyyəti baxımından Türkoloji Qurultayın 100 illiyi münasibətilə Azərbaycan elminə və cəmiyyətinə təqdim olunan ən sanballı nəşrlərdən biri adlandırıb, gələcəkdə bu stenoqrafik hesabatın daha geniş coğrafiyada, ilk növbədə isə Türk dünyasında yayılmasını məqsədəuyğun hesab edib, nəşrin Azərbaycan türkologiyasının, Azərbaycan humanitar elminin, ümumilikdə isə ictimai və humanitar elmlərin inkişaf tarixində mühüm başlanğıc nöqtəsi olduğunu vurğulayıb.

Akademik “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabının şanlı yubileyə mühüm töhfə olduğunu qeyd edib, vəsaiti mükəmməl salnamə adlandırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov cəmi 8 gün davam edən möhtəşəm toplantının əslində, bütöv bir əsrin düşüncə və ideya istiqamətlərinə təsir edən hadisəyə çevrildiyini, XX əsr türkoloji fikir tarixinin ən mühüm elmi hadisələrindən biri kimi qiymətləndirildiyini və ideyalarının Türk dünyasında elmi-mədəni inteqrasiyanın inkişafı baxımından aktuallığını qoruyub saxlağını söyləyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Günay Əfəndiyeva qürurlu  hadisələrin şahidi olduğumuzu qeyd edib, türk dünyasının son illərdə bir-biri ilə münasibətlərinin, qarşılıqlı səfərlərinin, həmrəyliyinin möhkəmləndiyini, böyük bir gücə çevrildiyini bildirib. O, türk dünyasının hazırda tarixi mərhələ qət etdiyini və bu gün türk dövlətlərinin böyük, güclü bir ailənin üzvləri kimi ortaq dəyərlər ətrafında sıx birləşdiyini söyləyib, türk dünyasının dahi mütəfəkkiri İsmayıl bəy Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə birlik” şüarını səsləndirib.

Natiq qurultayda iştirak edənləri, qurultay nümayəndələrinin hər birini öz xalqlarının böyük patriotu adlandırıb, talelərinin, arzularının yarımçıq qaldığını, lakin onların ideyalarının, fikirlərinin bu gün reallaşdığını diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Türk Dünyası Həftəsi” çərçivəsində dünyanın müxtəlif ölkələrindən nüfuzlu türkoloq alimlərin, dövlət, elm və mədəniyyət xadimlərinin iştirakı ilə beynəlxalq konfranslar, konqreslər və zəngin mədəni proqramların təşkil olunduğunu, bütün qurumların vahid amal ətrafında birləşdiyini qeyd edib, BDU ilə Milli Kitabxana arasındakı sıx əməkdaşlıqdan danışıb, stenoqramın ərsəyə gəlməsində hər iki qurumun ciddi səy göstərərək maksimal dərəcədə bütün çıxışların əhatə olunmasına çalışdığını, nəticədə qiymətli nəşrin meydana gəldiyini vurğulayıb.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Birinci Türkoloji Qurultayın yubileyinin bu səviyyədə keçirilməsində ən böyük xidmətin cənab prezidentə aid olduğunu, üç dəfə sərəncam imzaladığını və hər bir sərəncamın məzmununda yeni baxışlar olduğunu diqqətə çatdırıb. “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat”ın ön söz müəllifi olan akademik nəşrin hazırlanmasındakı çətinliklərdən danışıb, kitabın orijinalında çox sayda tekstoloji və texniki, həmçinin adların verilməsində tərcümədə müəyyən qüsurların olduğunu, gələcəkdə yeni tərcümələrin də ola biləcəyini, lakin stenoqrafik hesabatın olduqca dəyərli olduğunu söyləyib.

Akademik, eyni zamanda biblioqrafiyanın əhəmiyyətindən danışıb, tədqiqatçılar üçün istinad nöqtəsi, mənbə rolunu oynadığını qeyd edib.

Çıxışçılar - Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA  Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Cümhuriyyəti Mədəniyyət  və Turizm Nazirliyinin Kitabxanalar və Yayınlar Genel müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu, İstanbul Universitetinin professoru Osman Fikri Sertkaya və digərləri son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsindən danışıb, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlərin ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcəyini söyləyiblər.

Tədbirin davamında “Birinci Türkoloji Qurultay” adlı elektron məlumat bazası (https://anl.az/el/emb/Turkoloji_qurultay/index.html) təqdim edilib.

Sonda “Türk Dünyası Həftəsi” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xatirə nişanı ilə təltif olunma mərasimi baş tutub, xatirə şəkli çəkilib.

icon

Foto qalereya