23-04-2025
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan təntənəli konsert keçirilib.
Məlum olduğu kimi, bu il dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 fevral 2025-ci il tarixində böyük musiqi xadiminin yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Sərəncam imzalayıb.
Musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəylinin yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir.
Dahi musiqiçinin 140 illiyi 20-25 aprel tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günlərində də unudulmayıb.
Aprelin 23-də A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının Üzeyir bəyin 140 illiyinə həsr olunmuş konserti keçirilib.