close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cahangir Cahangirov – 100” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

19-06-2021

İyun ayının 20-də Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cahangir Cahangirovun 100 illik yubileyi tamam olur. Cahangir Cahangirov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş etmişdir. O, solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” vokal-simfonik poemasının, “Dostluq haqqında mahnı”, “Füzuli”, “Nəsimi” kantatalarının, “Sabir”, “Hüseyn Cavid – 59”, “Böyük qələbə” oratoriyalarının, “Azad”, “Xanəndənin taleyi” operalarının və digər əsərlərin müəllifidir. Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir, yaradıcılığında xor musiqisi janrı əsas yer tutur.

Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanmışdır.

Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Cahangir Cahangirov – 100” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə dahi bəstəkarın müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar və mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cahangir_Cahangirov_100/index.htm linkindən istifadə edə bilərlər.