close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib

23-04-2021

Aprel ayının 23-də Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkil etdiyi “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə qonaqları salamlayıb. Direktor vurğulayıb ki, bu gün “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir.  23 Aprel – dünya ədəbiyyatında simvolik tarixdir. O, bildirib ki, bu tarixin seçilməsi də təsadüfi deyildir, belə ki, həmin tarix Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli dünya ədəbiyyatı klassiklərinin vəfat etdiyi gündür. O, qeyd edib ki, Milli Kitabxana olaraq biz hər il bu tarixi qeyd edir, geniş kitab sərgiləri açır, gənc şair və yazarlarla görüşlər təşkil edirik, kitab təqdimatları, müəlliflərlə görüşlər təşkil edir.

Sonra K.Tahirov “Ulu Öndər Heydər Əliyev kitab və mütaliənin rolu haqqında” mövzusunda çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev mədəniyyətimizə, mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli mənəvi dəyərlərimizi yaşadan Milli Kitabxanadan da yan keçməmişdir. Təsadufi deyil ki, Ümummilli lider çıxışlarında kitaba, kitabxanaya önəm vermiş və demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Direktor onu da qeyd edib ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir və bu gün bu kitablar Milli Kitabxananın Heydər Əliyev guşəsində əks olunur. Milli Kitabxana hər il Ulu Öndərin doğum günü ərəfəsində həmin kitabları nəinki Bakıda, habelə bölgələrdə gənclər qarşısında nümayiş etdirərək onlarda kitaba və mütaliəyə maraq yaratmağa və bu böyük şəxsiyyətdən əsl mütaliəçi olmaq nümunəsi götürməyə çağırır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev giriş sözü ilə çıxış edərək ilk öncə bu gün münasibətilə Mədəniyyət Nazirliyi adından bütün kitabsevərləri təbrik edib. O, bildirib ki, kitab bilik mənbəyi, nəsildən nəsilə ötürülən bir vasitədir və həm də kitab yaradıcı əməyin məhsuludur. Bu baxımdan, Mədəniyyət Nazirliyi müəllif hüquqlarının qorunmasına, nəşriyyat fəaliyyətinə xüsusi önəm verir. Vaqif Əliyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində onun kitab və kitabxana sahəsi, nəşriyyatlarla bağlı verdiyi müvafiq sərəncamlar bu işdə mühüm rol oynamışdır. Daha sonra, cənab Prezident İlham Əliyevin sərəncamları və bu sərəncamlara əsasən latın əlifbasına keçid və Azərbaycan ədəbiyyatının kütləvi tirajlarla latın əlifbasında çap olunması, kitabxanalara paylanılması xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək ilk öncə tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirmiş, həmçinin, Milli Kitabxanaya oxuculara yaratdığı şəraitə, pandemiya dövründə göstərdiyi yüksək səviyyəli virtual xidmətə görə bir minnətdarlıq etmişdir. O, qeyd edib ki, 23 aprel tarixi dünyaca məşhur ədəbiyyat xadimlərinin şərəfinə qeyd edilən bir gündür. Görkəmli yazıçıların xatirəsinə həsr olunmuş, kitabların və müəlliflərin dəyərləndirilməsi məqsədi ilə təsis olunan bu əlamətdar gün hamının, xüsusilə də uşaqların və gənclərin fəal mütaliəyə cəlb olunmasına, mütaliə mədəniyyətinin formalaşdırılmasına çağırış günüdür. Bu günün qeyd olunması kitabların insanlara sevdirilməsi, kitab müəlliflərinin yaradıcılığına marağın artırılması, yaradıcı şəxslərin xüsusi rolunun vurğulanması, eyni zamanda cəmiyyətin davamlı inkişafı üçün maarifçiliyin ön plana çəkilməsi məqsədi daşıyır. Bu baxımdan düşünürəm ki, bugünkü konfransın mövzusu – “Cəmiyyətin intellektual inkişafında kitab və mütaliənin rolu” bu nöqteyi-nəzərdən çox aktual və vacibdir. UNESCO bu münasibətlə hər il çoxsaylı tədbirlər keçirir. Müasir dövrdə gənc nəslin elmə, biliyə olan marağının, kitaba olan təlabatının artırılması mühüm əhəmiyyət kəsb edir.

 Həmçinin, tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü” və “Gənc yazarlar” adlı virtual sərgilər də nümayiş olunub.

Daha sonra Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı “Kitab və mütaliənin kütləviləşdirilməsində Bakı Kitab Mərkəzinin rolu” mövzusunda çıxış edib. O, ilk növbədə Milli Kitabxananın fəaliyyətini qiymətləndirərək bildirib ki, bizim dünyagörüşümüzün formalaşmasında kitabxananın mühüm rolu olmuşdur. Sonra o, Bakı Kitab Mərkəzinin də müasir dövrdə kitaba olan marağın artırılmasında gördüyü işlərdən, keçirilən  tədbirlərdən danışıb. Və o, bildirib ki, ermənilər tərəfindən bizim işğal altında olan bölgələrimizdə çoxsaylı kitabxanalar məhv edilib, kitablar isə yandırılıb. Və o vurğulayıb ki, “kitab yandırmaqdan daha böyük günah kitab oxumamaqdır”. Məhz, bu məqsədlə Bakı Kitab Mərkəzi də kitabı təbliğ etmək sahəsində işlərini daim davam etdirəcək.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid “Gənclər arasında kitab və mütaliənin təbliği” mövzusunda çıxış edib. O, bildirib ki, kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Və o, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxananın fəaliyyətinə xüsusi önəm çəkərək bildirib ki, Açıq Kitabxana fərqliliyi ilə daim diqqət çəkib. Biz dəfələrlə Açıq Kitabxanada kitab təqdimatları, poeziya günləri, gənc yazarlarla görüşlər keçirmişik və mən elə bilirəm ki, pandemiya şəraiti bitdikdən sonra biz belə tədbirlərimizi Bakıda və yerlərdə də keçirəcəyik.

Tədbirin davamında AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı və “Təhsil” nəşriyyatının direktoru Tural Axundov mövzu üzrə çıxış ediblər.

Sonda qonaqlar “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür” geniş sərgisi ilə tanış olublar.

icon

Foto qalereya